Kamal Quliyev: Premyer Liqada Xəzər Lənkəranı əvəz etməyimizi istəməzdim
"Neftçala"nın baş məşqçisi Kamal Quliyev komandanın planlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mövsümün əvvəlində klub rəhbərliyi mənim qarşıma ən azı ötən mövsümkü kimi, çempion olmaq vəzifəsini qoydu. Demək olar ki, bu tapşırığın öhdəsindən 50 faiz gəmlişik. Futbolçulara minnətdaram. Ən yaxın izləyicimiz "Qaradağ Lökbatan"dır. Bu mövsüm yeganə məğlubiyyətimizi də bu komandadan almışıq. Arxayınlaşmaq olmaz. Biz qalib olub, Premyer Liqada oynamaq hüququ qazanmalıyıq".
Hazırda elitanı tərk etməyə əsas namizəd klublar "Xəzər Lənkəran"la "Rəvan"dır. Quliyev bu barədə də fikirlərini bölüşüb: "Bu barədə indidən fikir yürütmək çətindir. Premyer Liqada fasilə yaranıb və onlar yanvarda güclənəcəklər. "Xəzər Lənkəran"a gəlincə, şəxsən mən elitada bu klubu əvəz etməyimizi istəməzdim. Bu komanda çempionata rəng qatır. Lənkəran əsl futbol şəhəridir. Bu klubun baş məşqçi postunda Avropa səviyyəli mütəxəssislər çalışıb. "Fənərbağça" kimi klub bu komanda ilə yoxlama oyunu keçirmək üçün Lənkərana gəlmişdi. "Xəzər Lənkəran" kimi komandanın elitadan getməsi Premyer Liqa üçün böyük itki olacaq. Onlara tezliklə bu vəziyyətdən çıxmağı arzulayıram".
