Elnur Məmmədov: Neftçi MY-nin təcrübəsindən yararlanacaq
"Neftçi"nin icraçı direktoru Elnur Məmmədovun azerisport.az saytına müsahibəsi
- İngiltərənin Mançester şəhərində Avropa Klublar Assosiasiyasının (ECA) “Marketinq və Kommunikasiya üzrə İşçi Qrupu”nun ilk iclasında iştirak etdiniz. Səfəriniz necə keçdi?
- Bu qrupa Avropanın 21 tanınmış klubunun nümayəndələri daxildir. Görüş çərçivəsində aparıcı komandaların qitə miqyaslı yarışlardakı oyunlarının teleyayımı ilə bağlı faktlar açıqlandı. Bu analizlər altı ölkə üzrə təqdim olunurdu - Böyük Britaniya, Hollandiya, Fransa, İtaliya, İspaniya və Almaniya. Bu ölkələrdə hər oyun günü 38 000 000 izləyici qeydə alınıb.
- Bəs siz özünüz üçün hansı qeydləri apardınız?
- Mən mövsümlük abunə kartlarının satışı ilə bağlı yaxşı nümunələrin şahidi oldum. Məsələn, "Old Trafford" stadionu 75 669 azarkeş tutumuna malikdir. "Mançester Yunayted" bir mövsüm üçün 55 000 abunə kartı satıb ki, bu da çox yaxşı göstərici hesab olunur. Biz də onların təcrübəsindən yararlanmaq istəyirik. Bizim həmçinin "Mançester Siti" klubunun infrastrukturu ilə tanış olmaq imkanımız oldu. Bu klubun bazası dünyanın ən yaxşılarından hesab olunur. Hazırda biz də klubumuzun bazasının inşasına start vermişik. Bazanın inşasında onların da təcrübəsindən yararlanmağımız istisna deyil.
- Əsgər Abdullayevin postunda qalacağını demək olar?
- Bu gün klubun Müşahidə Şurasının iclası olacaq. Bu məsələni də müzakirə edəcəyik. Baş məşqçi məsələsi əsas müzakirə mövzularındandır.
- Manatın devalvasiyasını nəzərə alsaq, "Neftçi"nin əcnəbi baş məşqçi fikrindən daşınacağını gözləmək olar?
- Manatın devalvasiyası əcnəbilərin çoxluq təşkil etdiyi klublara çox təsir edir. Çünki ilin əvvəli ilə müqayisədə manat 98 faiz devalvasiyaya məruz qalıb. Biz də bütün bunları nəzərə alıb, xərclərimizi azaltmalıyıq. Bəzi layihələrimizi təxirə salmaq da istisna deyil. Baş məşqçi məsələsi ilə bağlı ətraflı müzakirələr aparacağıq.
- MŞ-də daha hansı məsələlərin müzakirəsi gözlənilir?
- Çoxlu məsələ müzakirə olunacaq. Çünki ilin sonudur və ilə yekun vurmaq lazımdır. Konkret hansı məsələlərin müzakirə olunacağını deməyəcəyəm. Amma qəbul olunacaq qərarlarla ictimaiyyəti məlumatlandıracağıq.
- Komanda ilə bağlı bəzi məsələləri indi həll etmək lazımdır. Bəs bu işlərə kim baxır?
- Hazırda Əsgər Abdullayev baş məşqçi postundadır. Komanda ilə bağlı məsələləri də o həll edir.
- Bəs o, bugünkü toplantıda iştirak edəcəkmi?
- Böyük ehtimalla baş məşqçi kimi dəvət olunacaq. Yadınızdadırsa, əvvəlki toplantılarda Samir Əliyev də iştirak edirdi.
- "Kəpəz"ə qarşı Gəncədə keçirdiyiniz oyunda nə baş vermişdi? Sizi polis doğrudanmı təhqir edib?
- Polislər öz işlərini peşəkarcasına yerinə yetirirlər. Onlar tərəfindən mənim ünvanıma heç bir təhqir olmayıb. Mən azarkeşlərimizi sakitləşdirmək üçün vaxtında olaya müdaxilə etməyə qərar verdim. Çünki polisin işə qarışması daha ağır nəticələrə gətirib çıxara bilərdi.
