Adil Şükürov: Zirənin daha güclü olması üçün hər xəttə yeni oyunçu almalıyıq
"Zirə"nin baş məşqçisi Adil Şükürovun azerisport.az saytına müsahibəsi
- Komandanızın Premyer Liqanın ilk iki dövrəsindəki çıxışını necə qiymətləndirərdiniz?
- Tamamilə müsbət. Düzünü deyim ki, belə çıxış edəcəyimizi gözləmirdim. Komanda mən istəyənlərin hamısını yerinə yetirdi. Amma bu, son hədd deyil. Eyni zamanda daha böyük uğurlar qazanmağımız üçün güclənməyimiz də lazımdır.
- Son turda AZAL-a məğlub olmasaydınız, komandanız ili ikinci pillədə də başa vura bilərdi...
- İlin və ya mövsümün ilk və sonuncu oyunları həmişə çətin keçir. AZAL-la oyunda bəzi futbolçularımız "çemodan" əhval-ruhiyyəsində idilər. Belə bir nəticə də ondan qaynaqlanır. Belə olan halda komandanı oyuna kökləmək çox çətin olur.
- Heyətdə dəyişiklik olacaq?
- Buna ehtiyac var. Daha güclü komandamızın olmasını istəyiriksə, güclənmək lazımdır. Komandanı bir neçə futbolçu tərk edəcək. Şübhəsiz ki, onların əvəzinə yeni futbolçular dəvət olunacaq.
- Kimlərin gedəcəyini dəqiqləşdirmisiniz?
- Kimlər ki, az oynayırdı, onlar gedəcək. Bunlar təxminən beş futbolçudur. Onların hamısı ilə müqaviləmiz var. Ona görə də həmin futbolçulara özlərinə klub tapmağı təklif edəcəyik. Bəzi klublardan fərqli, heç bir futbolçudan imtina etməyəcəyik. Kim ki özünə yeni klub tapa bilməyəcək, onlarla müqaviləmizin şərtlərinə əməl edəcəyik.
- Kimləri dəvət etmək istəyirsiniz?
- Bir legioner və bir neçə yerli futbolçu almağı düşünürük.
- Rasim Ramaldanov da onların arasındadır?
- Hələ bu barədə söhbətimiz olmayıb. Amma yaxın zamanlarda bu transfer barədə düşünmək olar. O, yaxşı futbolçudur. Azərbaycan yığmasında da oyun təcrübəsi var.
- Konkret hansı mövqeləri gücləndirmək istəyirsiniz?
- Hansısa mövqedən narazı qaldığımı deməzdim. Biz mövsümün ilk dövrəsini 17-18 futbolçu ilə keçirdik. Mövsümün qalan dövrü üçün isə hər bir xəttin güclənməsini istəyirəm. Daha güclü olmaq istəyirik.
- Manatın devalvasiyası klubunuza hansısa təsir göstərməyəcək?
- Hələ klub rəhbərliyi ilə bu barədə söhbətimiz olmayıb. Amma bu, ölkəmizin üzləşdiyi bir reallıqdır. Şübhəsiz ki, belə bir hadisə klubumuza da təsirsiz ötüşməyəcək.
