Qurbanov: Qarabağdan gedənlər olacaq
Yanvarda "Qarabağ" bir neçə futbolçuyla yollarını ayıracaq. Bu barədə azerisport.az saytına baş məşqçi Qurban Qurbanov məlumat verib:
"Hazırda ilin yekunlarını təhlil edirik. 2015-ci il komandamız üçün uğurlu oldu. Hesab edirəm ki, bir neçə futbolçuyla yollarımızı ayıracağıq. Onlarla müqaviləmiz var, amma qarşılıqlı razılıq əsasında vidalaşmaq istəyirik. Həmin futbolçuların əvəzinə başqa oyuncular cəlb olunacaq.
İstərdim ki, hər xəttə bir yeni oyunçu cəlb edək. Hazırda maraqlandığımız futbolçular var. Sadəcə, dəqiqləşmədiyindən ad çəkmək düzgün deyil. Rahid Əmirquliyevin komandamızda olmasını istərdim. Yeni iş həftəsində bu məsələ ilə məşğul olacağıq. Əmirquliyevə başqa təkliflərin olduğundan xəbərimiz var. Onun keçidi baş tutarsa, biz yalnız sevinərik".
