İNTER PİK: Bizim klubda heç kimə borcumuz yoxdur
Xəbər verdiyimiz kimi, UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanı tərəfindən aparılmış monitorinq zamanı Bakı “İnter”inin müəyyən tələbləri yerinə yetirmədiyi və klubun əməkdaşlara vaxtı ötmüş borclarının mövcud olduğu müəyyənləşib. Azerisport.az xəbər verir ki, buna görə kluba qarşı bir sıra sanksiyalar tətbiq olunub.
Artıq klubun mətbuat xidməti sözügedən sanksiyalarla bağlı münasibətini açıqlayıb. Həmin açıqlamanı təqdim edirik:
"Biz belə bir qərarın olacağını bilirdik. Rəhbərliyin də məsələdən xəbəri var idi. Çünki UEFA bu məsələ ilə bağlı araşdırmaya xeyli öncə başlamışdı. Bizə 2016-cı ilin yanvar ayının 31-nə kimi vaxt verilib. Bütün məsələləri həmin vaxta kimi həll edib, sanksiyanın ləğv olunmasına çalışırıq".
Klubdan verilən məlumata görə, onlar Avropa Liqasının cari mövsümündəki iştiraka görə qazandıqları 630 min avronu hələ də almayıblar: "Həmin məbləği UEFA AFFA-nın hesabına köçürüb. Böyük ehtimalla onu ya bu ilin sonu, ya da gələn ilin əvvəlində alacağıq. Bu məbləğin bir hissəsi də AFFA-nın hesabına köçürüləcək. Çünki Avroliqanın təsnifat mərhələsinin oyunları zamanı bəzi xərclərimiz AFFA tərəfindən ödənilmişdi. Hazırda "İnter"in klubda heç kimə borcu yoxdur. Komanda özü isə Türkiyəyə təlim-məşq toplanışına yollanmağa hazırlaşır. Hazırlığın 7-24 yanvar aralığında təşkil olunması nəzərdə tutulub. 50 000 avroluq cəriməyə gəlincə, bu, çox qəribədir. Hansısa klubun maliyyə problemi varsa, o, bu məbləğdə cəriməni necə ödəyə bilər? Bəlkə də elə düşünürlər ki, klubun pulu var, amma vermək istəmir".
