Eduardo: Azərbaycanın hədəfi dünya çempionatının final mərhələsində oynamaqdır
Futzal üzrə Azərbaycan yığmasının üzvü Eduardo Mellonun azerisport.az saytına müsahibəsi
- Yığmamızın dünya çempionatının əsas seçmə mərhələsindəki çıxışını necə qiymətləndirərdiniz?
- Qrupdakı hər üç oyunumuz çox çətin oldu. Amma biz bunu gözləyirdik və hər şeyə hazır idik. Əsas hədəfimiz qrupda birinci yeri tutmaq idi. Şadam ki, buna nail olduq.
- Yəqin ki, İsveç üzərində qazandığınız 8:2 hesablı qələbə hamısından asan başa gəldi...
- Heç bir oyun asan keçmədi. Bütövlükdə, indi asan oyun anlayışı yoxdur. Hər kəs uğur qazanmaq istəyir.
- Ardından Belarusa da böyük hesabla (7:2) qalib gəldiniz. Amma qrup oyunlarına ev sahibliyi edən Xorvatiyanı məğlub edə bilmədiniz (4:4). Buna nə mane oldu?
- Fikrimcə, biz Xorvatiyanı kiçik səhvlər ucbatından məğlub edə bilmədik. Amma sevindirici haldır ki, iki çətin oyundan sonra biz son görüşdə də özümüzdə güc tapıb, ciddi rəqibə uduzmadıq. Xorvatlar çox güclüdürlər. Onlar həmişə yüksək yerlər uğrunda mübarizə aparıblar. Biz qələbə qazanmağı çox istəyirdik. Lakin heç-heçə də qrup birincisi olmağımıza bəs etdi. Bu, oyunçularımızın, məşqçilər korpusunun uğurudur.
- Pley-offda hansı komanda ilə qarşılaşmaq istəyərdiniz?
- Rəqibimizin kim olmasının fərqi yoxdur. Hədəfimiz Kolumbiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır.
- Qapıçı Rövşən Hüseynli yığmamızın uğurunda az pay sahibi olmadı. Gənc qolkiperin çıxışını necə qiymətləndirərdiniz?
- Röşvən möhtəşəm qapıçıdır. Gənc olmasına baxmayaraq, qapıda əla dayandı. Onun necə məşq etdiyini görmüşəm. Doğrudan da böyük qapıçıdır. Onun uğurlarına hamımız çox şadıq.
- Pley-off matçları öncəsi heyəti gücləndirməyə ehtiyac var?
- Bu suala cavab verə bilmərəm. Bu, mənim işim deyil. Bu suala baş məşqçimizin və ya futzal federasiyasının rəhbərliyinin cavab verməsi daha düzgün olar.
