Zaur Axundov: Yığmamız hələ əsas hədəfinə çatmayıb
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun azerisport.az saytına müsahibəsi
- Azərbaycan yığmasının dünya çempionatının əsas seçmə mərhələsindəki çıxışını necə qiymətləndirərdiniz?
- Bu turnirə ciddi yanaşırdıq. Hədəfimiz qrup birincisi olmaq idi. İlk iki turda İsveç (8:2) və Belarusa (7:2) qalib gələ bildik. Amma son turda İsveçlə Belarusun heç-heçə oynaması bizim planlarımızı korladı. Xorvatiyaya məğlubiyyət bizi qrup ikincisi edə bilərdi. Xorvatiyalı azarkeşlərin komandalarına güclü dəstəyi və hakimlik bizim lazım olan nəticəni qazanmağımıza mane olmadı.
- Komandamız xorvatlara uduzsaydı, pley-off mərhələsində daha güclü rəqiblə qarşılaşmalı olacaqdıq...
- Bəli, qrup ikincisi olsaydıq, Rusiya, İtaliya, İspaniya, Portuqaliya və Ukrayna kimi rəqiblərlə qarşılaşacaqdıq. Bu, bizim dünya çempionatının final mərhələsinə vəsiqə qazanmağımızı çətinləşdirə bilərdi. Məhz buna görə qrup birincisi olmaq istəyirdik. Komandamızın çıxışından razıyam. Onlara bir neçə gün istirahət verib, ardından AÇ-2016-nın hazırlığına start verəcəyik.
- Pley-offda kimi gözləyirsiniz?
- İndi pley-offda kiminlə oynamağın fərqi yoxdur. Püşkatmanı gözləyəcəyik. Bizim Slovakiya, Sloveniya, Rumıniya, Macarıstan kimi komandalarla oynamaq şansımız var. Kifayət qədər keçiləsi komandalardır. Bizim ilk dəfə dünya çempionatı kimi bir turnirdə oynamaq şansımız var.
- Dünya çempionatındakı mümkün iştirak Azərbaycan yığmasına nə verəcək?
- Biz Avropa çempionatının final mərhələsində bir neçə dəfə oynamışıq. Azərbaycan futzalında yeni tarix yazmağın vaxtıdır. Minimum hədəf mundiala vəsiqə qazanmaqdır. Ondan sonra isə yeni hədəfləri müəyyənləşdirəcəyik. Pley-off mərhələsinin püşkü gələn ilin fevral ayında ayılacaq. Oyunlar isə mart və aprel ayında olacaq. Ona görə də hələ dünya çempionatının pley-off mərhələsini unudub, AÇ barədə düşünməliyik.
- Komandaya mükafat ayıracaqsınız, ya bu, komandanın pley-offdakı uğurulu çıxışından sonraya nəzərdə tutulub?
- Pley-off mərhələsində də uğurlu çıxış edək, ondan sonra mükafat barədə danışarıq. Əsas hədəfimizə hələ çatmamışıq.
- Komandamızın Xorvatiyadakı uğurlu çıxışı AÇ-2016-nın final mərhələsində də komandamıza kömək edə bilər?
- Şübhəsi. Bu, komanda üçün böyük stimuldur.
- Azərbaycan yığmasının qapısını çoxdan idi belə turnirlərdə yerli qapıçı qorumurdu...
- Rövşən Hüseynli bizim ümidlərimizi doğrultdu. Onun çıxışını uğurlu hesab edirik. Eyni zamanda bizim Elnur Zamanov, Emin Kürdov kimi qapıçılarımız da var. Gördüyünüz kimi, qapıçı baxımından problemimiz yoxdur.
