Mahmud Qurbanov: Ötən mövsüm Qarabağ pley-offa çıxmağa daha çox yaxın idi
Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanovun azerisport.az saytına müsahibəsi
- Avropa Liqasındakı təmsilçilərimizin - "Qarabağ"la "Qəbələ"nin çıxışını necə qiymətləndirərdiniz?
- "Qəbələ" üçün Avroliqanın qrup mərhələsindəki çıxışı debüt idi. Əlbəttə, daha yaxşı çıxış edə bilərdilər. Ağdamlılardan isə daha çox şey gözlənilirdi. Komanda ardıcıl ikinci mövsüm idi qrup mərhələsində oynayırdı. Amma bu dəfə də qrupdan çıxa bilmədilər. Fikrimcə, Ağdam klubu ötən mövsüm pley-offa çıxmağa daha çox yaxın idi, nəinki bu mövsüm.
- "Qarabağ" ötən mövsüm həm də daha çox xal toplamışdı. Bunu nəzərə alsaq, komandanın gerilədiyini demək olar?
- Deməzdim. Ötən mövsüm bizim çempionu az adam tanıyırdı. Amma bu mövsüm rəqiblər bu komandaya daha ciddi yanaşırdılar. Şübhəsiz ki, belə olan halda xal toplamaq, uğur qazanmaq da çətin olur.
- "Qəbələ"ni uğursuz çıxışına görə tənqid etməyə dəyər?
- Dortmund "Borussiya"sını çıxmaq şərtilə, qrupdakı digər komandaları - PAOK-la "Krasnodar"ı evdə məğlub etmək olardı. Roman Qriqorçukun komandasında bunun üçün potensial da böyük idi. Sadəcə, komandanın qrup mərhələsində çıxış etmək təcrübəsi yox idi və bu, öz təsirini göstərdi. Baxmayaraq ki, ayrı-ayrı futbolçularının belə təcrübəsi vardı. Hətta Aleksey Qay Avroliqanın qalibi adını da qazanmışdı.
- Bu iki klubun bundan sonra bütün diqqətini çempionat oyunlarına yönəldəcəyini nəzərə alsaq, Premyer Liqada hansısa dəyişiklik gözləməyə dəyər?
- Şübhəsiz ki, bundan sonra onlar bütün güclərini daxili birinciliklərə yönəldəcəklər. Məncə, digər iştirakçılara "Qarabağ"la "Qəbələ"yə qarşı mübarizə aparmaq çox çətin olacaq.
- Sizə elə gəlmir ki, Premyer Liqadakı ilk iki yeri məhz bu komandalar tutur...
- "Qəbələ" barədə bunu söyləmək olmaz. Bu komandanın sabit oynamadığını görmüşük. "Qarabağ" isə bu mənada daha yaxşı təsir bağışlayır. Hazırda bu komandanın xeyli xal fərqi ilə zirvədə qərarlaşması da bunun sübutudur. Amma hadisələri qabaqlamağa da dəyməz. Qış fasiləsindən sonra bütün klublarda müsbətə və ya mənfiyə doğru dəyişikliklər olacaq.
- Əsgər Abdullayevin gəlişindən sonra daha inamlı çıxış etməyə başlayan "Neftçi" ilə bağlı nə deyə bilərsiniz?
- Bakılılar hazırda daha sabit oynamağa başlayıblar. Onların əcnəbi baş məşqçi axtardığını nəzərə alsaq, qış fasiləsindən sonra bu komandada hansı dəyişikliklərin baş verəcəyini proqnozlaşdırmaq çətindir. Amma hazırda komanda turnir cədvəlində irəliləyir və əvvəlki nüfuzunu geri qaytarmağa çalışır.
