Qarabağın Belçikaya gedən azarkeşləri futbolçulardan narazı qalıb
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"i ilə səfər oyununda "Qarabağ"ı dəstəkləmək üçün Brüsselə gedən azarkeşlər qarşılaşmadan sonra futbolçuların onlara göstərdiyi münasibətdən narazı qalıblar. Azerisport.az xəbər verir ki, ağdamlıların 1:2 hesabıyla uduzduğu matçdan sonra komanda üzvlərinin əksəriyyəti onların yer aldığı tribunaya yaxınlaşmayıb, dəstəyə görə təşəkkürünü bildirməyib.
Belə ki, yalnız İbrahim Şehiç, Bədavi Hüseynov, İlqar Qurbanov və Samuel Armenteros onlara yaxınlaşıb və təşəkkürünü çatdırıb. Digərlərinin bunu etməməsi isə fanatların kəskin narazılığına səbəb olub.
Maraqlıdır ki, azarkeşlər buna etirazını bildirmək üçün hətta matçdan sonra futbolçuların qaldığı otelə də gediblər. Amma həmin vaxt artıq komanda üzvləri oteli tərk edərək, hava limanına yollandığından azarkeşlər etirazlarını onlara çatdıra bilməyiblər.
