Neftçi Emil Mpenzaya 800 000 dollar ödəyəcək
Xəbər verdiyimiz kimi, 2010-cu ildə İsveçrənin “Sion” klubundan “Neftçi” PFK-ya transfer olunmuş və 2012-ci ilin qış fasiləsi dövründə klubun düşərgəsindən ayrılan Emil Mpenza barəsində FİFA-nın çıxardığı qərar qüvvədə saxlanılıb. Azerisport.az xəbər verir ki, Mpenzanın klubun düşərgəsini özbaşına tərk etməsini əsas gətirərək, 21.02.2012-ci il tarixdə futbolçu ilə imzalanmış müqaviləyə “Neftçi” PFK tərəfindən birtərəfli qaydada xitam verilmişdi.
13.03.2012-ci il tarixdə isə “Neftçi” PFK tərəfindən FİFA qarşısında futbolçunun klubu tərk etməsi ilə bağlı rəsmi iddia qaldırılmışdı. Mpenza da öz növbəsində FİFA qarşısında əks iddia qaldıraraq “Neftçi”dən təzminat tələb etmişdi. 3 il müddətində davam edən araşdırmaların nəticəsi olaraq 21.01.2015-ci il tarixdə FİFA futbolçunun şikayətinə baxaraq onun xeyrinə qərar çıxarmışdı.
Bu qərarla əlaqədar olaraq 15.07.2015-ci il tarixdə “Neftçi” Mpenza məsələsi barəsində İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya müraciəti ünvanlamış, 3 ay davam etmiş araşdırmalardan sonra FİFA-nın 21.01.2015-ci il tarixdə futbolçunun xeyrinə çıxardığı qərarı qüvvədə saxlanılmışdı.
Sözügedən qərara görə, paytaxt klubu Mpenzaya 800 000 dollar məvacib ödəməlidir. Klubdan aldığımız məlumata görə, onlar hazırda bu məbləği toplamağa çalışırlar.
