Meza Kolli: Az oynasam da, baş məşqçinin bütün qərarlarına hörmətlə yanaşıram
"Qəbələ"nin yarımmüdafiəçisi Derlis Meza Kolli Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiyanın "Krasnodar" klubuna qarşı oyundan (0:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- "Qəbələ" Avroliqanın qrup mərhələsini məğlubiyyətlə başa vurdu. Son oyunla bağlı nə deyə bilərsiniz?
- Oyuna yaxşı başlamışdıq. Qol vurmaq şanslarımız da oldu. Fikrimcə, hesabı açsaydıq, matç tamamilə fərqli məcrada keçəcəkdi. "Krasnodar" ilk yarıda cəmi iki dəfə qapımıza yaxınlaşdı və hər ikisində qol vurdu. Elə onunla da hər şey bitdi. Yenə çoxlu qol imkanını boşa verdik.
- "Krasnodar"la Bakıdakı oyunda çox həvəssiz görünürdünüz. Bu, qrupdan çıxmaq şansınızı itirdiyinizə görə idi?
- Mən istəksiz olduğumuzu deməzdim. Bizim ilk yarıda "Krasnodar"a qol vurmaq üçün üç real şansımız oldu. Amma biz onlardan yararlana bilmədik. Amma rəqib qol vurandan sonra ruhdan düşdük. Hansı ki, Dortmund "Borussiya"sı ilə Bakıdakı oyunda da eyni ssenari olmuşdu.
- "Qəbələ"nin bu qrupdakı nəticəsi komandanın real gücünü əks etdirir?
- Biz Avroliqanın qrup mərhələsində ilk dəfə iştirak edirdik. Bu nəticəyə görə çox da üzülməyə dəyməz. İnanıram ki, gələcəkdə yenidən Avroliqanın qrup mərhələsinə düşəcəyik və topladığımız təcrübədən yararlanaraq bundan da yaxşı çıxış edəcəyik.
- Artıq xeyli müddətdir "Qəbələ"də olsanız da, biz "İnter"dəki Derlis Meza Kollinin görə bilmirik. Bu, nə ilə əlaqədardır?
- Mən heç nədən şikayətlənmirəm. Amma "İnter"də daha çox oynayırdım. "Qəbələ"də isə ancaq avrokubok və bəzi çempionat oyunlarında meydana çıxıram. Lakin yenə də hansısa iradım yoxdur. Öz üzərimdə daha çox işləyirəm.
- Amma meneceriniz bildirib ki, belə davam etsə, siz qışda "Qəbələ"dən gedəcəksiniz...
- Bu, normaldır. Hər bir futbolçu bütün oyunlarda meydanda olmaq istəyir. Klub rəhbərliyindən razıyam. Vitse-prezidentlə söhbətləşmişəm. Baş məşqçinin bütün qərarlarına hörmətlə yanaşıram. Çünki kimin oynayacağına dair bütün qərarları baş məşqçi verir. Bu barədə başqa heç nə deyə bilmərəm.
