Fineo: Belarusdan daha güclü olduğumuzu göstərməliyik
Futzal üzrə Azərbaycan yığmasının üzvü Fineo de Araujo dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsveçə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 8:2 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Oyuna yaxşı başladıq. İnamlı oynadıq. Nəticədə turnirdəki ilk oyunumuzdan qalib ayrıldıq. Uşaqlara bu cür mübarizə apardıqlarına görə təşəkkürümü bildirirəm. İlk oyundakı inamlı qələbə növbəti görüşlərdə bizə əlavə inam verəcək. Hədəfimiz bütün oyunlarda qələbə qazanmaqdır".
Fineo bu gün baş tutacaq Belarusla qarşılaşmadan gözləntilərini də bölüşüb: "Belarus yığması daha güclü komandadır. Bir gün öncə sərgilədiyimiz oyunu təkrarlaya bilsək, qələbə qazanacağıq. Erkən qol vurmalıyıq. Belarusdan daha güclü olduğumuzu göstərməliyik".
