Mircavadov: Qəbələdən çox şey gözlənilməsə də, Qarabağ qrup ikincisi ola bilərdi
AFFA Məşqçilər Şurasının üzvü Ağasəlim Mircavadov Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyunlarını keçirən "Qarabağ"la "Qəbələ"nin çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"a görə çox təəssüfləndim. Onlar bu qrupdan çıxa bilərdilər. "Anderlext"lə səfər oyununda bir qədər bəxtləri gətirmədi. İlk növbədə vuran ayaq, hücumçu çatışmazlığı hiss olundu. Əgər hücum xəttində belə bir oyunçu yoxdursa, yarımmüdafiə xəttində oyunu üzərinə götürə biləcək futbolçu olmalıydı. Əslində, qol vurmaq, qələbə qazanmaq üçün yetərincə şanslar oldu. Müdafiədə də ağıllı oynamaq lazım idi.
"Qəbələ"yə gəlincə, onlar "Krasnodar"a qarşı oyuna yaxşı başlamışdılar. Qol vəziyyətləri vardı. Amma qol buraxdıqdan sonra hər şey dəyişdi. Standart vəziyyətlər Azərbaycan futbolu üçün ən ağrılı yer olaraq qalır. "Qəbələ"dən bu avrokubok mövsümündə onsuz da çox şey gözlənilmirdi. Amma "Qarabağ" qrup ikincisi ola bilərdi".
