Elxan Abdullayev: Qəbələ və Qarabağdan bundan artığını gözləməməliyik
Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayevin azerisport.az saytına müsahibəsi
- "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyunlarını necə qiymətləndirərdiniz?
- "Qəbələ" - "Krasnodar" oyununu (0:3) izləməyə getmişdim və deməliyəm ki, matç məni qətiyyən qane etmədi. Komandamız avrokuboklardakı ən zəif oyunlarından birini sərgilədi. 90 dəqiqə ərzində üstünlük rəqibin tərəfində idi. Onlar bizə şans vermədilər. Ədalətli nəticə qeydə alındı. "Qarabağ"ın "Anderlext"lə oyununa gəlincə, onlar nəsə etməyə çalışdılar. Hətta birinci qolu da komandamız vurdu. Amma erkən buraxılan iki səhv məğlubiyyətlə nəticələndi. Ağdam klubu layiqli oyun sərgiləsə də, güclü rəqibə məğlubiyyətdən qaça bilmədi.
- "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra hər şeydən razı olduğunu bəyan etdi...
- Qriqorçuka yerli futbolçuları niyə meydana buraxmamasına dair verilən sual onun xoşuna gəlmədi. O, bu komandanın baş məşqçisidir. Fikrimcə, o, braziliyalı və azərbaycanlı futbolçular arasında fərq qoymur. Biz də buna normal yanaşmalıyıq. Əsas nəticədirsə, bizim üçün meydanda Antonovun və ya Sadiqovun olmasının fərqi olmamalıdır.
- "Qarabağ"la "Qəbələ"nin Avroliqadakı çıxışını bütövlükdə necə qiymətləndirərdiniz?
- Hər iki klubumuza təşəkkür etmək istərdim. Bu gün üçün Avroliqanın qrupunda oynamaq da böyük işdir. Heç klublarımızın neçə xal qazanmasının da önəmi yoxdur. Bakıya Avropanın adlı-sanlı, yaxşı klublarını gətirdilər. Fikrimcə, hələ biz klublarımızdan bundan artığını gözləməməliyik.
- Sizcə, daha yaxşı nəticələr qazanmaq üçün nə çatışmır?
- Burada çoxlu məqamlar var. Hər bir sahədə peşəkarlığı artırmaq lazımdır - həkimindən tutmuş psixoloquna qədər. Səviyyəmizi artırmalıyıq.
- Bəlkə, daha güclü legionerlər lazımdır?
- Bu gün üçün Azərbaycan çempionatına daha güclü legionerlər çağırmaq elə də vacib deyil. Yaxşı rəqabətin olmadığı çempionatdan biz ancaq Fransa çempionu olan PSJ kimi klub qazanmış olacağıq. Bu komanda az qala sona 20 tur qalmış çempionluğu təmin edir.
- Məsələn, əgər Samuel Armenterosun yerində daha yaxşı hücumçu olsaydı, matçın nəticəsi fərqli ola bilməzdimi?
- "Əgər"lə olan sualları sevmirəm. Kim olmalıydı? Reynaldo? Bu, mənim üçün göstərici deyil. "Qarabağ" onsuz da qalib gələ bilərdi.
