Joazinyo: Qəbələyə bu hesabla qalib gələcəyimizi gözləmirdim
Rusiyanın "Krasnodar" klubunun yarımmüdafiəçisi Joazinyo Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyundan (3:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Matçla bağlı nə deyə bilərsiniz?
- Qəbələyə köklənmişdik və buna da nail olduq. Nəticədə, qrup birincisi olduq. Buna görə çox sevincliyik. "Qəbələ" üzərində parlaq qələbəyə görə özümüzə minnətdar olmalıyıq. Özümüzə "əhsən" deyirəm. Avroliqadakı yolumuza davam edirik. Bu çox xoşdur.
- "Qəbələ" Rusiyada sizə qarşı daha yaxşı oynamışdı. Bakıda onlardan belə zəif çıxış gözləyirdiniz?
- Mənim fikrimcə, onlar Bakıda da pis çıxış etmədilər. Rəqib yaxşı futbol göstərdi. Qol epizodları da oldu. Sadəcə, biz "Qəbələ"yə qol vurmağa imkan vermədik. Hesabı açdıq və fərqi də artırdıq. İlk hissədə vurduğumuz qollar matçın taleyini həll etdi.
- Belə çıxır ki, bu nəticə sizin üçün sürpriz oldu?
- Düzünü deyim ki, "Qəbələ"yə bu hesabla qalib gələcəyimizi gözləmirdim. Amma bu, futboldur, burada hər şey olur. Bu gün bunun bir daha şahidi olduq.
- "Qəbələ"yə qarşı hər iki oyunda iştirak etdiniz...
- "Qəbələ" çox yaxşı komandadır. Onlar istənilən rəqiblə mübarizə aparmağa qadirdirlər. Yaxşı top saxlayırlar. Rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmağı bacarırlar. Sadəcə, bizimlə oyunları alınmadı. Çünki biz daha yaxşı oynadıq. Bütövlükdə, "Qəbələ" ilə oyunlar maraqlı və yaddaqalan oldu.
- Oyundan sonra Dodo və Rikardinyo ilə nə söhbət edirdiniz?
- Xüsusi söhbətimiz olmadı. Bir-birimizə uğurlar arzuladıq. Sizdə çempionat davam edir. Buna görə Dodo, Rikardinyo və Rafael Santosa uğur və çempion olmağı arzuladım.
