Fariz Nəcəfov: Sonuncu yeri tutsaq da, komanda ilə fəxr edirəm
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində Rusiya "Krasnodar"ına qarşı oyundan (0:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Matçla bağlı nə deyə bilərsiniz?
- Fikrimcə, daha yaxşı oynaya bilərdik. Sadəcə, gözlənilməz səhvlərə yol verdik. Bütövlükd, çox maraqlı oyun alındı. Futbolçularımıza "Krasnodar"a qarşı sonadək mübarizə apardıqlarına görə təşəkkürümü bildirirəm. Bir neçə aydır bizə avrokubok həyəcanı yaşatdıqlarına görə də hər birinə minnətdaram. Ümumiyyətlə, biz komandamızın bu səviyyədə futbol sərgiləyəcəyini, Avroliqanın qrup mərhələsinə çıxacağını gözləmirdik. "Qəbələ"nin qrupda sonuncu yeri tutmasına baxmayaraq, komandamızla fəxr edirəm.
- Son turda belə aqibətlə üzləşəcəyini gözləyirdiniz?
- Gözləntilərimiz fərqli idi. Amma uşaqlar əllərindən gələni etdilər. Hələ ki, bu, bizim maksimumuzdur.
- Komanda sanki çox yorğun idi və meydana məğlub çıxmışdı...
- Mən belə deməzdim. İlk qola qədər komandamız çox yaxşı futbol sərgiləyirdilər.
- Oyundan sonra komanda üzvləri ilə görüşən klub prezidenti Tale Heydərov futbolçulara nə dedi?
- Bu, bizim cari mövsümdəki son oyunumuz idi. O, uşaqlara Avroliqadakı çıxışa görə təşəkkür etdi. Klub prezidenti bildirdi ki, bundan sonra bütün diqqətləri çempionat oyunlarına yönəltmək lazımdır. Qarşıdakı oyunlarda uğur qazanmalıyıq.
- Qış transfer pəncərəsi yaxınlaşır. Yola salmaq istədiyiniz futbolçular var?
- Bu barədə hələ baş məşqçi ilə söhbətimiz olmayıb. Amma hər şey ola bilər.
- Klub rəhbərliyi növbəti mövsümdə də ən azı Avroliqanın qrup mərhələsində çıxış etmək üçün hansı addımlar atmağı planlaşdırır?
- Çox iş görməliyik. Bu turnir bizim üçün böyük təcrübə oldu. Futbol məsələləri ilə məşqçilər korpusu məşğul olur. Biz isə rəhbərlik olaraq öz üzərimizə düşən işlərin öhdəsindən gəlməyə çalışırıq.
- "Qəbələ" növbəti mövsümdə də avrokuboklardakı ev oyunlarını Bakıda keçirməli olacaq?
- Hazırda yeni stadionun layihəsi hazırlanır. Növbəti mövsümün əvvəlinə qədər bu işi yekunlaşdıracağımızı deyə bilmərəm. Amma qrup mərhələsinin oyunlarına qədər işləri yekunlaşdırmağa çalışacağıq.
