Rəşad Sadiqov: Qəbələyə yorğunluq və təcrübəsizlik mane oldu
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiyanın "Krasnodar" klubuna qarşı keçirdikləri oyundan (0:3) sonra azerisport.az saytının suallarını cavablandıb.
- "Qəbələ" hesabı açmağa yaxın olduğu bu oyunda ilk qolu vursaydı, oyun fərqli alına bilərdi?
- Ola bilsin ki, fərqli oyun izləmiş olardıq. "Borussiya" ilə ev oyununda da eyni aqibəti yaşadıq. Öncə 2-3 qol vəziyyəti yaratdıq, amma yararlana bilmədik. Sadəcə, bəxtimiz gətirmədi. Bu gün də "Krasnodar" sanki yaratdığımız qol epizodlarından sonra ayıldı. Futbolçularımızda yorğunluq hiss olunurdu. Bəlkə də məğlubiyyətimizin səbəbi elə bundadır.
- "Qəbələ"nin bu oyunda uğur qazanması üçün daha nə çatmadı?
- Yəqin ki, təcrübə. Çünki ilk dəfədir qrup mərhələsində çıxış edirdik. Bu cür rəqiblərə qarşı oynamamışdıq.
- "Krasnodar"a qarşı səfərdə daha yaxşı oynamışdınız. Yəqin ki, bu komandaya səfərdə qalib gələ bilmədiyinizə çox təəssüflənirsiniz...
- Təəssüflənəsi oyunlarımız az deyil. Amma indi bunun heç bir əhəmiyyəti yoxdur. Bəli, biz Rusiyada daha keyfiyyətli futbol göstərmişdik. Üstəlik, hakimlər iki təmiz qolumuzu qeydə almadılar. Qapı tirindən qayıdan zərbələrimiz də olmuşdu. Bir sözlə, Krasnodardakı oyunda da bəxtimiz gətirməmişdi.
- Növbəti mövsüm yenə avrokuboklarda qrup mərhələsinin iştirakçısı ola biləcəksiniz?
- Allah eləsin ki, bu, olsun. Çünki qrup mərhələsində çıxış edəndən sonra avrokuboklara vəsiqə qazana bilməmək elə də yaxşı görünmür. Klub rəhbərliyinin bizə yaratdığı şəraitlə biz hər il qrup mərhələsində çıxış etməliyik. Ən azından bir ildən bir. Fikrimcə, "Qəbələ" bu mövsüm böyük təcrübə topladı. Avrokuboklara ikinci dəfə qatılmaqla qrup mərhələsində oynamaq böyük uğurdur. Düzdür, qrupda yaxşı nəticələr qazana bilmədik. Amma topladığımız təcrübə gələcəkdə bizə çox kömək edəcək.
- Siz həmin vaxt "Qəbələ"də olacaqsınız? Mətbuatda sizin komandadan gedəcəyiniz qeyd olunur...
- Həmin məlumatlar məni bir qədər təəccübləndirdi. Klub rəbərliyi ilə danışmışam. Yaya qədər müqaviləm var. Amma mətbuatda müqaviləmin müddətinin başa çatdığı yazılır. Belə xəbərləri oxumaq özümə də pis təsir edir. Fikrimcə, belə xəbərləri öndə dəqiqləşdirib yazmaq lazımdır. Yaya qədər "Qəbələ"dəyəm. Ondan sonra necə olacağını bilmirəm.
