Roman Qriqorçuk: Qrup mərhələsində ilk dəfə üçün pis çıxış etmədik
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiyanın "Krasnodar" klubuna 0:3 hesablı məğlubiyyətlərini şərh edib. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə bunları söyləyib:
"Avrokubok mövsümü bizim üçün başa çatdı. Qrup mərhələsində çıxış etməyimizdən çox razırıq. İlk dəfə üçün heç də pis təsir bağışlamadıq. Ciddi təcrübə qazandıq. Utanılası heç nə yoxdur. İrəliyə başıuca gedirik. Görüləsi işlərimiz isə çoxdur.
- "Qəbələ" demək olar ki, bütün oyunlara eyni heyətlə çıxdı. Yerli futbolçular ehtiyatda qaldılar. Ən azından son oyunda yerlilərə daha çox şans vermək olmazdı?
- Başa düşmürəm, biz niyə bundan danışmalıyıq? Komandanı niyə azərbaycanlılara və qeyri-azərbaycanlılara bölməliyik? Bu, yersizdir. Pasporta baxmaq lazım deyil, meydanda ən yaxşılar olmalıdır.
- Oyundan sonra komandanızın üzvlərinə nə dediniz? Niyə belə zəif çıxış etdiniz?
- Oyundan sonra uşaqlara "əhsən" söylədim. Matçın əvvəlində üstünlük bizdə idi, qol vurmaq şanslarımız da vardı. Adi qollar buraxdıq. Hər şeyin belə alınması bizi də məyus etdi. Andrey Popoviçi heç nədə günahlandırmıram. Komanda belə oyunlardan sonra ruhdan düşməməlidir. Əksinə, daha da hirslə növbəti oyunlara hazırlaşmaq lazımdır.
- Sizin futbolçularınız bu avrokubok mövsmündə daha çox təcrübə qazandılar, ya pul?
- Burada hansı puldan söhbət gedir? Avrokuboklarda oynamaq fərqli hisslərdir. Dodo ilə Aleksey Antonov xəstə olmasına baxmayaraq, meydana çıxmaq üçün alışıb yanırdı. Burada ilk növbədə futbolçularımızın qazandığı böyük təcrübəni qeyd etmək lazımdır. Bu təcrübə onların daha da inkişaf etməsinə yardımçı olacaq.
