Aslan Kərimov: Qarabağ pley-offa çıxa bilər
Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimovun azerisport.az saytına müsahibəsi
- AFFA-nın təşkilatçılığı ilə UEFA-nın A kateqoriyalı məşçi kursuna rəhbərlik edirdiniz. Bu kurslarda Premyer Liqa klublarının baş məşqçilərindən yalnız "Sumqayıt"ı çalışdıran Samir Abasov iştirak edirdi. Onun kəsilmək ehtimalı var?
- Artıq həmin qrup üç imtahandan keçib. Nəzəri cəhətdən hər şey mümkündür. Samirlə yanaşı qrupdakı hər bir kəs kəsilə də bilər, uğur qazana da.
- Ötən mövsüm Böyükağa Hacıyev kimi təcrübəli mütəxəssis imtahandan keçə bilməmişdisə, Samir Abasov kimi gənclərdən nə gözləmək olar?
- Məşqçi kursları sadəcə, futbol biliyindən irəli gəlmir. Burada mövzu genişdir. Üstəlik, praktiki məşğələlər də var. Gördüklərini məşqçi həmkarlarınla paylaşmalısan, onların səhvlərini deməlisən.
- Hacıyevin imtahandan keçməsinə hansı problem səbəb oldu?
- Bunu deyə bilmərəm. Çünki imtahanı mən götürməmişdim. Bununla iki isveçrəli və bir alman məşğul olurdu.
- Bütün həyatını futbola həsr edən, Azərbaycan çempionu olan, komandasını ilk dəfə Avropa Liqasının qrup mərhələsinə daşıyan mütəxəssis necə imtahandan kəsilə bilər?
- Səbəbini deyə bilmərəm. Ola bilsin ki, hansısa suala cavab verə bilməyib. Ola bilsin ki, həyəcanlanıb və praktikada nəyisə düz etməyib. İmtahan məşqçinin bütün bacarığını əks etdirmir. Hacıyevin "Neftçi"ni Avroliqanın qrup mərhələsinə çıxarmasına gəlincə, bu, onun lokal uğurudur. Hansısa məşqçi komandasını Avroliqanın qrupuna çıxarırsa, bu, hələ onun top-məşqçi olmasından xəbər vermir.
- Avroliqadan söz düşmüşkən, "Qarabağ"ın pley-offa yüksəlmək şanslarını necə qiymətləndirə bilərsiniz?
- "Tottenhem" "Monako"ya qalib gəlməlidir. Belə olan halda "Qarabağ" "Anderlext"i məğlub etməklə pley-offa çıxa bilər. Amma belçikalılar artıq komandamızı yaxşı tanıyırlar. Güclü pressinq tətbiq edəcəklər. Reynaldo sağalsaydı, komandamızın qələbə qazanmaq şansı daha çox olardı. Ansi Aqollinin də yoxluğu ciddi itkidir.
- "Qəbələ"nin "Krasnodar"la oyunundan nə gözləyirsiniz?
- "Qəbələ"nin qrupdan çıxmaq şansı qalmasa da, bu oyun təcrübə toplamaq və qrup mərhələsində ilk qələbəsini qazanmaq baxımından vacibdir. Bu mövsüm topladığı təcrübə komandaya növbəti mövsümdə lazım ola bilər.
- Sizcə, bu avrokubok mövsümü Azərbaycana nə verdi?
- Çox şey. Birdən-birə iki klubumuzun Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması futbolumuzun Avropadakı imicinə müsbət təsir göstərdi. Dortmund "Borussiya"sını yenidən Bakıda gördük. "Anderlext" üzərində qələbə qazandıq.
