Vaqif Sadıqov təmsilçilərimizdən qələbə gözləyir
AFFA Məşqçilər Şurasının sədri Vaqif Sadıqov "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin son turundakı şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər iki təmsilçimiz üçün vacib oyunlardır. "Qarabağ"ı Belçikada "Anderlext"lə heç də asan oyun gözləmir. Ağdam klubu ötən mövsümkü vəziyyətdədir. Bu dəfə də hər şeyə son turda aydınlıq gələcək. Fikrimcə, bu dəfə ötən il əldən verilmiş uğuru qazanmaq olar. Baxmayaraq ki, bu, çox çətin olacaq. Hər halda maksimum güc sərf etməklə, buna nail olmaq mümkündür. Əminəm ki, "Qarabağ"da qələbə qazanmaq üçün nə etmək lazım olduğunu yaxşı bilirlər.
"Qəbələ"yə gəlincə, bu komanda ilk dəfədir Avroliqanın qrup mərhələsində çıxış edir. İndi bu klub "Krasnodar"a qalib gəlməklə qrupda layiq olduğu üçüncü yeri tuta bilər. İlk dəfə üçün bu, çox normal nəticə sayılmalıdır. "Qəbələ" bu görüşdə əsl potensialını göstərməlidir. Son oyunlar həmişə daha yaddaqalan olur. Ümid edirəm ki, "Qəbələ"nin də son oyununu hələ uzun müddət xatırlayacağıq".
