Oleq Kononov: Qəbələyə qalib gəlib, qrup birincisi olmaq istəyirik
Rusiyanın "Krasnodar" klubunun baş məşqçisi Oleq Kononov Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında öncə bunları söyləyib:
- Biz əsas heyətlə oynayacağıq. Əlbəttə, bəzi zədəli futbolçularımız var ki, onlar Bakıya gətirilməyib. Bunlar Torbinski, Ari və Bıstrovdur. Amma qalan futbolçular sıradadırlar. Bu oyun üçün hədəfimizə gəlincə, qrupda birinci yeri tutmaq şansımız var. Bu, bizim pley-off mərhələsində səpələnmişlər səbətində yer almağımıza kömək edə bilər. Bu, üstünlükdür. Həm də qrupun həlledici matçında yaxşı oyun göstərib, qələbə qazanmaq istəyirik.
- Zədəli futbolçularınız nə vaxt sıradan çıxıb?
- Bıstrovla Torbinski məşqdə zədələnib. Ari isə "Kuban"la oyunda sıradan çıxıb. Vanderson burada mətbuat konfransındadır. Sabah onu meydana buraxmağı düşünürəm. O, meydana çıxmağı haqq edir. Ondan yaxşı oyun gözləyirəm.
- "Qəbələ" barədə nə düşünürsünüz?
- Bu rəqiblə oyuna ciddi hazırlaşırıq. Rusiyadakı ilk oyundan sonra da demişdim ki, "Qəbələ" çox maraqlı komandadır.
- Son olaraq "Qəbələ"nin hansı oyununu izləmisiniz?
- "Qəbələ"nin PAOK və "Xəzər Lənkəran"la oyunlarını izləmişəm. Komandanın oyununda çox dəyişiklik olub. Amma strategiya və taktika əvvəlki kimi qalır. Bizi ciddi oyun gözləyir.
- Sabahkı oyunda eksperimentlər etməyi düşünürsünüz?
- Eksperimenti yoxlama oyunlarında edirlər. Bu oyun isə bizim üçün vacibdir. Nəticəyə oynayacağıq. Digər tərəfdən biz yaxşı futbol sərgiləmək istəyirik.
- Dortmund "Borussiya"sına qarşı keçirdiyiniz oyunu Avroliqanın cari mövsümü üçün ən yaxşı adlandırmaq olar?
- Mən belə düşünmürəm. Bizim başqa yaxşı oyunlarımız da olub.
