Rəşad Sadiqov: Qrupda 3-cü yeri tutmağımız pis nəticə olmaz
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya "Krasnodar"ına qarşı oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Növbəti mərhələyə vəsiqə qazanmaq şansını itirən "Qəbələ"dən "Krasnodar"la görüşdə nə gözləyək?
- Çətin oyun olacaq. Çünki rəqibimiz yaxşı komandadır. Onlar artıq pley-offa vəsiqəni təmin ediblər. Amma buna baxmayaraq, qrup birincisi olmaq üçün bizimlə oyuna motivasiyalı çıxacaqlar. Lakin biz də qrupdakı ilk qələbəmizi məhz bu görüşdə qazanmaq istəyirik.
- Qrupdakı nəticələrdən razı qaldınız?
- Son oyunda qələbə qazansaq, nəticəmizi daha uğurlu saymaq olar. Qrupda üçüncü yeri tutmağımız heç də pis nəticə olmaz. Baxmayaraq ki, biz elə qrup mərhələsinə vəsiqə qazanmaqla əsas vəzifənin öhdəsindən gəlmişdik.
- Son kubok və çempionat oyunlarında qələbə qazanmaqla uğursuz gedişata son qoyduğunuzu demək olar?
- Şübhəsiz ki, bu iki qələbədən sonra öz gücümüzə inamımız artıb. Hər bir qələbə komandaya, futbolçulara əlavə stimul verir. Bu, qarşıdakı Avroliqa matçında da bizə kömək edəcək. Bundan istifadə edib, Rusiya klubuna qalib gəlməliyik.
- "Qəbələ" yəqin ki, "Neftçi" ilə oyun öncəsi öz gücünə qənaət etmək barədə düşünməyəcək?
- Turnir cədvəli baxımından "Neftçi" ilə görüş bizim üçün çox vacibdir. Amma gücümüzə qənaət etməkdən söhbət gedə bilməz. Həm də biz hazırda "Neftçi" ilə görüşü qətiyyən düşünmürük. Bu barədə düşünməyə vaxtımız olacaq.
- "Qarabağ" Avroliqanın pley-offuna vəsiqə qazansaq, "Qəbələ" bu komandanın başının qarışmasından istifadə edib, çempionluq şansını artıra bilər?
- Bu baş versə, ilk növbədə ölkəmizi sevindirəcək. Futbolumuzun tarixində yeni bir səhifə açılmış olacaq. Amma məncə, onlar pley-offa çıxacaqları halda da çempionluq uğrunda eyni qaydada mübarizələrini davam etdirəcəklər. Biz də mübarizə aparacağıq. İndi ağdamlılar bizi səkkiz xal qabaqlayırlar. Bu fərqi azaltmaq çox çətin görünür. Amma biz onları qabaqlamaq üçün sonadək mübarizə aparacağıq.
- "Qəbələ"nin bu yolda qış fasiləsində daha da güclənməsi lazımdır?
- Heyətimiz yaxşıdır. Bizdə hər mövqeyə 2-3 futbolçu var. Fikrimcə, biz bu heyətlə də çempionluq uğrunda mübarizə apara bilərik.
