"Qriqorçukun Qəbələdə yerli futbolçulara daha çox şans verməsini istərdim"
"Qəbələ"nin sabiq futbolçusu Azər Bağırov keçmiş komandasının Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya "Krasnodar"ına qarşı keçirəcəyi son oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" ilk dəqiqələrdən "Krasnodar"ı təzyiq altında saxlamalıdır. Çünki rəqibin çox yaxşı müdafiə xətti var. Start heyətdə yerli futbolçuların daha çox olmasını istərdim. Samir Zərgərov, Asif Məmmədov, Elvin Camalov və Vüqar Nadirov start heyətdə oynamağa layiqdir. "Qəbələ" bu komandaya qalib gələ bilər. Birinci oyunda da buna nail olmaq olardı. Sadəcə, həmin vaxt ən azı heç-heçə etməyə təcrübə çatmadı. Bütövlükdə, "Qəbələ" Avroliqada yaxşı çıxış etdi. Roman Qriqorçukun yerli futbolçulara daha çox şans verməsi yaxşı olardı. Bu, həm də futbolumuzun, millimizin inkişafına kömək olar. "Qəbələ"nin çempionatdakı çıxışına gəlincə, çempionluq uğrunda mübarizə aparmaq xüsusilə qış fasiləsindən sonra daha da çətin olacaq. Çünki "İnter"lə "Neftçi" tədricən özünə gəlir. "Qarabağ"ın isə bu mövsüm də çempion olacağını düşünürəm".
