Dmitri Kramarenko: Qəbələ Krasnodara, Qarabağ Anderlextə qalib gələ bilər
"Neftçi"nin məşqçisi Dmitri Kramarenkonun azerisport.az saytına müsahibəsi
- "Neftçi"nin Əsgər Abdullayevin təyinatından sonra daha yaxşı nəticələr qazanmasını necə qiymətləndirərdiniz?
- Bu, Abdullayevin həm milli komandalarda, həm də klublarda böyük iş təcrübəsinə malik olmasının nəticəsidir. O, hansı komandada olubsa, həmişə nəticə verib.
- Belə çıxır ki, Samir Əliyev "Neftçi"nin səviyyəsinə uyğun məşqçi deyildi?
- Xeyr, bu fikirlə razı deyiləm. O, bu komandanın inkişafı üçün az zəhmət çəkmədi. Samir də kifayət qədər yaxşı çalışdı. Elə onun rəhbərliyi altında əsas komandada oynamağa başlayan uşaqlar indi nəticə verirlər. Sadəcə, Əliyev gənc mütəxəssisdir, məşqçilik karyerası yeni başlayır. Təcrübə futbolda mühüm amildir.
- Abdullayev nəticə verdiyi halda əcnəbi mütəxəssis axtarmağa ehtiyac var?
- Çətin sualdır. İndi komandaya Abdullayev rəhbərlik edir, hər şey yaxşı gedir. Sabah necə olacağına isə rəhbərlik qərar verəcək. Komandada heç kim yeni əcnəbi baş məşqçi barədə düşünmür. Bütün diqqətlər ilin son üç matçına yönəlib.
- Qarşıda "Qəbələ" ilə oyun var. Sizin üçün bu görüş prinsipial hesab oluna bilər?
- Düzünü desəm, bizim üçün hər bir oyun prinsipialdır. Burada rəqibin kimliyinin fərqi yoxdur. Rəqibimiz ciddi komandadır. Orada səviyyəli mütəxəssislər çalışır. Amma biz ancaq müsbət nəticəyə ümid edirik. İlk üçlüyə çatmağımız lazımdır. "Neftçi"də köklənmə son dərəcə güclüdür (gülür).
- Bu oyun öncəsi keçmiş komandanızı Avropa Liqası çərçivəsində Rusiya "Krasnodar"ı ilə görüş gözləyir. Qəbələlilərin şansları barədə nə deyə bilərsiniz?
- Roman Qriqorçuk prinsipial məşqçidir. Əminəm ki, o, istisnasız olaraq, bu görüşdə qələbəyə çalışacaq. "Krasnodar"a qalib gəlmək realdır. Bunu hələ ilk oyunda da etmək olardı. Komandamız səfərdə pis çıxış etməmişdi. Sabahkı oyunda da qol epizodları olacaq. Yeganə məsələ həmin şanslardan yararlanmaqdır.
- Bəs "Anderlext"in qonağı olacaq "Qarabağ"dan nə gözləyirsiniz?
- Bu komandaya simpatiyamın olduğunu həmişə demişəm. "Neftçi"yə qarşı oynamırsa, "Qarabağ"a həmişə azarkeşlik edirəm. Ağdamlıların şanslarını da yaxşı qiymətləndirirəm. Fikrimcə, səfərdə qazanılacaq qələbə sayəsində bu komanda pley-offa yüksələ bilər. "Anderlext"i Belçikada udmaq olar.
