Qara Qarayev: Londondakı matçın nəticəsindən asılı olmayaraq, Anderlextə qalib gəlməliyik
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"inə qarşı səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- "Qarabağ" Belçika səfərindən lazım olan nəticə ilə qayıda biləcək?
- Mümkünsüz heç nə yoxdur. Amma buna nail olmaq doğrudan da çətin olacaq.
- Sizə elə gəlmir ki, "Anderlext"in futbolçuları bu oyuna psixoloji cəhətdən təzyiq altında çıxacaq?
- Şübhəsiz ki, elə olacaq. "Anderlext"in Bakıdakı məğlubiyyəti sensasion nəticə kimi qəbul olundu. Fikrimcə, rəqib futbolçular meydana revanş hissi ilə çıxacaqlar. Amma biz səfərdə yaxşı oynaya bilərik. Düzünü deyim ki, "Qarabağ" səfərdə daha yaxşı oynayır. Fikrimcə, Belçikada da layiqli futbol sərgiləyə bilərik.
- "Qarabağ" ötən avrokubok mövsümündə də səfərdə "Dnepr"ə qalib gəlmişdi, "Sent-Etyen"lə heç-heçə etmişdi. Amma bu mövsüm iki səfər oyununa çıxmısınız, hər ikisində də uduzmusunuz. Bu tendensiyanı Brüsseldəki görüşdə dəyişdirə biləcəksiniz?
- Əvvəlki səfər oyunlarında bizim bəxtimiz gətirmədi. Siz özünüz də həmin görüşləri izləmisiniz. Məsələn, "Monako" ilə səfər oyununda yaxşı oynamışdıq və ən azından heç-heçəyə layiq idik. Fikrimcə, heç-heçə daha ədalətli nəticə olardı. "Tottenhem"lə oyun da çətin oldu. Amma Londondan da xalla qayıtmağımız mümkün idi. Hesabı da açmışdıq. Sadəcə, öz səhvlərimiz ucbatından qollar buraxıb, uduzduq.
- Səfər oyunlarındakı uğursuz çıxışınızın başqa səbəbi yoxdur?
- Başqa xüsusi bir səbəb görmürəm. Sadəcə, rəqiblərimiz də bizim oyunumuzu yaxşı analiz edirlər. Onlar bizim səfərdə yaxşı oynadığımızı bilirlər. Buna görə də bizə qarşı maksimum diqqətli oynayırlar. Belçika səfəri də bizim üçün çətin olacaq.
- "Qarabağ" "Anderlext"ə qalib gəlsə belə, qrupun digər oyununda "Tottenhem"in "Monako"ya uduzmamasına ümid etməlidir...
- Fikrimcə, "Tottenhem" heç kimə xal hədiyyə etməyəcək. Peşəkar komandadır. Biz həmin oyunu düşünməli yox, öz işimizi görməliyik. Londondakı oyunun necə keçməsindən asılı olmayaraq, biz Brüsseldən qələbə ilə qayıtmalıyıq. Əsas oyuna yaxşı köklənməkdir.
- Brüsseldə heç-heçə "Qarabağ" üçün yaxşı nəticə sayıla bilər?
- Bəli. Bu heç-heçə ən azından reytinq xallarımızı artırmağa kömək edəcək. Amma biz pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik. Bunun üçün isə mütləq qələbə qazanmağımız lazımdır.
