Vidadi Rzayev: İki klubumuz Avroliqada çıxış edirsə, çempionatın səviyyəsi necə düşə bilər?
Azərbaycanın veteran futbolçusu Vidadi Rzayevin azerisport.az saytına müsahibəsi
- Premyer Liqamızın səviyyəsinin aşağı düşdüyünə dair fikirlər var. Siz bununla razısınız?
- Xeyr, mən elə düşünmürəm. Çünki bütün komandalar bir-biri ilə bərabər səviyyədə mübarizə aparır. "Qarabağ"la "Qəbələ" Avropa Liqasının qrup mərhələsində çıxış edir. İngiltərə "Tottenhem"i kimi komanda Ağdam klubuna çətinliklə qalib gəldi. Halbuki, həmin oyun heç-heçə də bitə bilərdi. Klublarımız Avroliqada uğurlu çıxış edirlərsə, deməli, çempionatımızın səviyyəsi nəinki aşağı düşüb, əksinə qalxıb.
- "Neftçi" son oyunlarında qol buraxmadan qalib gəlir. Sizcə, bu komanda Əsgər Abdullayevlə uğur qazana biləcək?
- İstənilən baş məşqçinin gəlişi komandaya əlavə ruh verir. Tezliklə qış transfer pəncərəsi açılacaq. Bu üzdən futbolçuların hər biri özünü yaxşı tərəfdən göstərməyə çalışır. Çünki yeni baş məşqçi hansısa oyunçunu heyətdə saxlamaq istəməyə bilər.
- Amma klub rəhbərliyi Abdullayevin sadəcə, ilin sonuna kimi komandanı çalışdıracağını deyir...
- Fikrimcə, komandanı Abdullayevə nəinki ilin, hətta mövsümün sonunadək həvalə etmək olar. Onun rəhbərliyi altında oynamışam. Çox təcrübəli və savadlı mütəxəssisdir. Onun "Neftçi"ni daha uzun müddət çalışdırmasını istəyərdim. İnanıram ki, elə də olacaq.
- Sizin üçün doğma olan "Kəpəz"in çıxışını necə qiymətləndirərdiniz?
- "Kəpəz"in hazırda beşinci pillədə qərarlaşması da bir uğurdur. Çünki komanda yayda demək olar ki, sıfırdan qurulub. Xüsusi şəraitləri də yoxdur. Komanda gah Yevlaxda, gah da Bakıda qalır. Bütün bu çətinliklərə baxmayaraq, Şahin Diniyev yaxşı komanda yaradıb. Bir qədər də artıra bilsələr, Avropa Liqasına vəsiqə də qazanarlar. İstənilən halda, ilk altılıqda yer alacaqlarını düşünürəm.
- Premyer Liqamızda yeni Vidadi Rzayev görürsünüz?
- "Qarabağ"dan Qara Qarayevin oyununu çox bəyənirəm. Amma o, dayaq yarımmüdafiəçisi kimi çıxış edir. Bu üzdən ikinci Vidadi Rzayevi - yerli pleymeykeri hələ ki, görə bilmirəm (gülür). Allah eləsin ki, bizim bundan sonra da Mahmud Qurbanov, Nazim Süleymanov kimi futbolçularımız olsun.
- Debütant "Zirə"nin çıxışı sizin üçün də sürprizdir?
- Bu komanda hələ birinci divizionda çıxış etdiyi dövrdən Premyer Liqaya ciddi hazırlaşırdı. Çox yaxşı şəraitləri vardı, maliyyə problemləri yox idi. İndi futbolda pul çox şeyi həll edir. "Zirə"nin də yaxşı imkanı var, əla transferlər həyata keçirir. Baş məşqçidən də çox şey asılıdır.
- "Qəbələ"nin Avroliqadakı çıxışını necə qiymətləndirərdiniz?
- "Qəbələ" bir dəfə bu turnirdə uğursuz çıxışı ilə yadda qalmışdı. Amma ikinci dəfə hər şey uğurlu alındı. Qrup mərhələsinə vəsiqə qazanmaq üçün güclü komandalara qalib gəldi. Qrupdan çıxa bilməsələr də, bu, onların zəif çıxış etdiyi anlamına gəlməməlidir. Komanda yalnız Dortmund "Borussiya"sına böyük hesabla uduzdu. Qalan görüşlərin hamısında yaxşı futbol sərgiləyiblər və uğura çox yaxın olublar.
- "Qəbələ"dən fərqli, "Qarabağ"ın qrupdan çıxmaq şansı qalır...
- Bəli, şansları var. "Qarabağ"a uğurlar arzulayıram.
- Öz işləriniz necə gedir? İş təklifi var?
- Hələ ki, heç yerdə işləmirəm. Təklif də yoxdur.
