Vüqar Mustafayev: Onları Bakıda olduğu kimi, səfərdə də məğlub edə bilərik
"Qarabağ"ın yarımmüdafiəçisi Vüqar Mustafayevin azerisport.az saytına müsahibəsi
- "Qarabağ" Avroliqanın qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"i ilə həlledici oyunda qalib gələ biləcək?
- Bu komanda ilə Bakıdakı oyunumuz maraqlı alındı və qalib gəldik. Evdə buna nail olmuşuqsa, deməli, səfərdə də eyni uğuru təkrarlaya bilərik. Mümkünsüz heç nə yoxdur. Sadəcə, maksimum diqqətli oynamalıyıq. Baş məşqçimiz də bizdən məhz bunu tələb edir.
- Amma bu oyundan öncə sizi Premyer Liqanın 15-ci turu çərçivəsində "İnter"lə oyun gözləyir. Bu klubun maliyyə problemləri olsa da, turnir cədvəlində ikinci pillədə qərarlaşıb və yəqin ki, "Qarabağ"la xal fərqini azaltmaq üçün böyük motivasiya ilə oynayacaqlar. Bu sizə mane olmayacaq? Komandanızda yorğunluq var?
- Mümkündür ki, bəzi futbolçular yorğun olsun. Onlar çoxlu oyun keçiriblər, psixoloji cəhətdən də çətindir. Amma "İnter"lə oyuna qələbə üçün çıxacağıq. "İnter" xarakter nümayiş etdirən komandadır. Biz istənilən halda qələbəyə oynayacağıq. Maraqlı oyun olacağını düşünürəm.
- Bu dəfə də 3 xal qazanmağa nail olsanız, əsas izləyicilərinizdən daha da uzaqlaşacaqsınız...
- Biz digər komandaların nəticələri ilə maraqlanmırıq. Yalnız öz çıxışımızı, planlarmızı, oyunumuzu, hədəfimizi düşünürük. Yəni rəqiblərimizin xal itkisinə ümid etmirik. Yalnız səylə çalışıb, qələbə qazanmağı fikirləşirik.
- "Qarabağ" son tura qədər ən az uduzan komanda idi. Amma "Neftçi"yə uduzandan sonra bu göstəricidə "Zirə", "İnter" və "Qəbələ" sizinlə eyni göstəriciyə malikdir. Həmin oyundakı məğlubiyyətə nə səbəb oldu? İlqar Qurbanovun vurduğu iki qolun hesaba alınmaması?
- Biz həmin epizodlara komanda ilə birgə baxdıq. Birinci epizodda ofsayd var idi, amma ikincidə yox. Səhv etmirəmsə, bunu Xaqani Məmmədov da söyləyib. "Neftçi" də bizə qarı xarakter nümayiş etdirdi, aqressiv çıxış etdi. Bizə qarşı çox yaxşı oynadılar. Biz bacardığımızı etdik. Bizim daha çox qol vəziyyətimiz oldu. Onların bir neçəsindən yararlana bilsəydik, fərqli nəticə qazana bilərdik. Ən azından uduzmazdıq.
- "Şəmkir"lə kubok oyununda uzun müddət qol vura bilmədi və çətinliklə qalib gəldi. Niyə elə alındı?
- Həmin oyunun bizim üçün asan keçəcəyini düşünənlər çox idi. Amma baş məşqçimiz bizə bu matçın çətin olacağını xəbərdarlıq etmişdi, rəqib motivasiyalı idi. Elə də oldu. Rəqib sonadək döyüşdü. "Şəmkir" yaxşı komandadır. Onların da qol vurmaq üçün yaxşı şansları var idi.
- Bəzi epizodlarda hətta bəxtiniz də gətirdi...
- Mən deyərdim ki, həmin epizodlarda Fərhad Vəliyev yaxşı oynadı.
- Kubokun 1/4 finalında "Sumqayıt"la qarşılaşacaqsınız. Bu mövsüm də qızıl dubl barədə düşünürsünüz?
- Fikrimcə, hər iki cəbhədə qələbə qazanmaq bütün komandaların istəyidir. Hamı bunun üçün mübarizə aparır. Çempionatda "Sumqayıt"a səfərdə uduzmuşduq. Ciddi rəqibdir. Biz həm çempionatda, həm də kubokda qalib gəlməyi çox istəyirik.
- Reynaldonun yoxluğu hiss olunur?
- Bəli, onun yoxluğu komandaya təsir edir. Reynaldo "Qarabağ"ın aparıcı futbolçularından biridir.
