Veselko Trivunoviç: 4 il öncə Azərbaycan çempionatı daha güclü idi
"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Veselko Trivunoviç azerisport.az saytına müsahibə verib. O, keçmiş klubunun çıxışı ilə bağlı fikirlərini bölüşüb:
"Qəbələ"nin Avropa Liqasındakı çıxışını izləyirəm. Onların "Çukariçki" və PAOK-la ev oyunlarına baxmışam. Dortmund "Borussiya"sı ilə səfər oyunlarını da canlı izlədim. Komanda bu görüşlərdə çox yaxşı təsir bağışladı. PAOK-la oyunda bəxtləri gətirmədi. Çox təəssüf ki, bəzi oyunlarda fortuna "Qəbələ"nin yanında olmadı".
"Qəbələ" yaxşı futbol sərgiləyir. Məşqçi və futbolçu heyəti çox güclüdür. Mənə sadəcə, o çatmadı ki, komanda ev oyunlarını niyə Qəbələdə yox, Bakıda keçirdi. Məgər öz stadionları yoxdur ki"?
"Mən "Qəbələ"də oynayanda da komandanın güclü heyəti var idi. Onlar o vaxt da Azərbaycanı Avropada təmsil edəcək gücdə idilər. Amma niyə buna nail ola bilmirdilər, anlamıram. Baş məşqçi də güclü idi. Komanda o dərəcədə yaxşı çıxış edirdi ki, hətta məni Serbiya yığmasının Rusiya ilə matçına da çağırmışdılar".
Amma Trivunoviç Premyer Liqamızın əvvəlki dövrlərlə müqayisədə zəiflədiyini iddia edir: "Mənə elə gəlir ki, dörd il öncə Azərbaycan Premyer Liqası daha güclü idi, nəinki indi. O vaxt mübarizə aparmaq, titul qazanmaq daha çətin idi. Amma indi... "Xəzər Lənkəran"la "Neftçi"yə nə olub? Turnir cədvəlinə baxanda onları heç ilk dördlükdə də görə bilmirəm".
"Qəbələ"də keçirdiyim günləri unuda bilmirəm. Orada çox yaxşı günlərim, oyunlarım olub. İndi Serbiya birinci divizionunda çıxış edən "Balça" klubundayam. Əlbəttə, "Qəbələ"də oynamaq tamamilə fərqliydi. Məhz orada mən legioner həyatı yaşamışam. Keçmiş komandamın çıxışı ilə indi də maraqlanıram. Çünki bu klub mənim ürəyimdə xüsusi yer tutur".
