3 dekabr 2015 17:40
Tural Axundov: Biz oynadıq, XL qalib gəldi
"Kəpəz"in kapitanı Tural Axundov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:1 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:
"Biz çox çalışsaq da, heç nə edə bilmədik. Halbuki, çoxlu qol vəziyyətlərimiz oldu. Lakin heç birindən yararlana bilmədik. "Xəzər Lənkəran" isə bircə qol vəziyyəti yaratdı, ondan da yararlandı. Nəticə oyuna görə olmadı. Biz daha yaxşı oynadıq, qələbəni isə "Xəzər Lənkəran" qazandı. Əlbəttə, bu, futboldur, hər şey ola bilər. Bu məğlubiyyəti unudub, irəli baxmalıyıq. Bundan sonra ancaq çempionatı düşünəcəyik. Əlimizdən gələni edəcəyik ki, çempionatda layiqli yer tutaq".
