Əfqan Talıbov: 1-ci divizionda çıxış edən futbolçuların elitaya qayıtmaq arzusu yoxdur
1-ci divizionda çıxış edən "Qaradağ Lökbatan"ın baş məşqçisi Əfran Talıbov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Neftçi"yə 0:8 hesabıyla məğlub olmalarını şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" komandamızla müqayisədə çox güclüdür. Bunu həm heyətə, həm də maddi imkana aid etmək olar. Bu iki klubu heç müqayisə etməyə də dəyməz. Onlar birinci divizion klubunu öz meydanlarında qəbul edirdilər. Artıq beşinci dəqiqədə qol buraxmağımız komandanı "sındırdı". Ümumiyyətlə, mənə elə gəlir ki, birinci divizion Azərbaycan futbolununu bataqlığıdır. Bu çempionatda çıxış edən futbolçuların sanki Premyer Liqaya qayıtmaq arzusu yoxdur. Elə təəssürat yaranır ki, onları birinci divizionda oynamağa məcbur edirlər. Nəsə etmək lazımdır. Düzdür, "Şəmkir"lə "Neftçala" rəqiblərinə müqavimət göstərə bildilər. Biz də böyük hesabla uduzmaya bilərdik. Amma qısa vaxt ərzində o qədər qol buraxdıqdan sonra nəsə etmək çətin idi. Biz bu komanda ilə mübarizə aparacaq gücdə deyilik".
