25 noyabr 2015 17:00
Bakıdakı darmadağın Rusiya yığmasında baş məşqçi dəyişikliyinə səbəb oldu
Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Dmitri Xomuxa istefaya göndərilib. Azerisport.az xəbər verir ki, buna səbəb sözügedən komandanın AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində çox uğursuz çıxış etməsi göstərilir.
Xüsusilə, şimalı qonşularımızın Bakıda Azərbaycanın gənclərdən ibarət yığmasına 0:3 hesablı məğlubiyyəti Rusiya futbol ictimaiyyəti tərəfindən kəskin tənqidlərlə qarşılanmışdı. Nəhayət, Rusiya futbol başbilənləri vəziyyətdən çıxış yolunu Xomuxanı istefaya göndərməkdə görüblər.
Qeyd edək ki, Rusiya Bakıdakı məğlubiyyətdən sonra AÇ-nin final mərhələsinə vəsiqə qazanmaq şansını demək olar ki, itirib.
