Andrey Popoviç: Qəbələnin sadəcə, bəxti gətirmir
"Qəbələ"nin qapıçısı Andrey Popoviçin azerisport.az saytına müsahibəsi
- Bu gün sizi "Sumqayıt"la oyun gözləyir. Bu oyun "Qəbələ" üçün dönüş nöqtəsi ola bilər?
- "Sumqayıt" yaxşı komandadır. Onlara qarşı bizi çətin oyun gözləyir. Bizim üçün bu oyunda qələbə qazanmaq çox vacibdir. Ona görə də ilk dəqiqələrdən sonadək bunun üçün mübarizə aparacağıq.
- Çempionatda yaranmış fasilə dövründə keçirdiyiniz yoxlama oyununda qələbə qazandınız...
- Kollektivdə atmosfer yaxşıdır. Məşqlərimiz əla keçir. Yoxlama oyununa gəlincə, U-19 komandamızla qarşılaşdıq və 4:0 hesabıyla qalibgəldik. Adi bir yoxlama matçı idi, xüsusi bir şey olmadı.
- "Qəbələ" bu mövsümə elə də pis başlamamışdı. Amma son dörd turda qələbə qazana bilmirsiniz. Problem nədir?
- Həqiqətən də son oyunlar bizim xeyrimizə deyil. Lakin komandanın necə oynadığını hər kəs görür. Xal itirdiyimiz oyunlarda yaxşı oynamışdıq. Rəqib qapısı qarşısında çoxlu qol vəziyyəti də yaradırıq. Sadəcə, həmin epizodlar zamanı uğur bizim tərəfimizdə olmur. Oyunumuzu daha da yaxşılaşdırmağın üzərində çalışırıq. Ümid edirəm ki, tezliklə hər şey qaydasına düşəcək.
- Problemlər Bakıda Almaniyanın "Borussiya" (Dortmund) klubuna məğlubiyyətdən (1:3) sonra başladı. Ola bilər ki, həmin oyundan sonra komandada özünəinam itib?
- Düşünmürəm. Həmin oyunun bizim çempionatımızdakı çıxışımıza heç bir təsiri yoxdur. Sadəcə, bizim bəxtimiz gətirmir.
- Avroliqada cəmi iki oyununuz qalıb. Sizcə, Yunanıstan PAOK-u və Rusiya "Krasnodar"ına qalib gəlmək mümkün olacaq?
- Şans az da olsa, var. Hər iki oyun çətin olacaq. Amma biz bu görüşlərdə maksimum xal toplamaq üçün əlimizdən gələni edəcəyik.
- Sizcə, qrupdan çıxa bilərsiniz?
- Bəli. Amma dediyim kimi, şansımız çox azdır. Həlledici oyunlarda mütləq qələbə qazanmalıyıq. Nəyin necə nəticələnəcəyini zaman göstərəcək. Fikrimcə, hər şeyə sonuncu tur aydınlıq gətirəcək.
