Maksim Medvedev: Hakim yığmamızın qapısına penalti təyin edə bilərdi
Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev Moldovaya qarşı keçirilmiş yoxlama oyunundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Bu, ilin son oyunu idi. Hələ toplanışın əvvəlindən hamımız qələbəyə köklənmişdik. İli müsbət nəticə ilə başa vurmaq istəyirdik. Baş məşqçi meydana maraqlı heyət çıxarmışdı. Gördüyünüz kimi, yaxşı oyunla müsbət nəticə qazana bildik. Moldova kimi komanda üzərində qələbə qazandıq.
- Matçın sonunda yığmamızın cərimə meydançasında moldovalı futbolçuya qarşı qayda pozuntusuna yol verildiyi təəssüratı yarandı. Sizcə, hakim həmin epizodda penalti təyin etməli idi?
- Mənə elə gəlir ki, qayda pozuntusu var idi. Hakim penalti təyin edə bilərdi. Amma mən rəqibə toxunsam da, onu itələməmişdim, sadəcə, top uğrunda mübarizə aparırdım. Başqa hakim olsaydı, penalti təyin edə bilərdi.
- Siz bu oyunda alışmadığınız mərkəz müdafiəçisi mövqeyində çıxış etdiniz...
- Özümü normal hiss edirdim. "Xəzər Lənkəran"la qarşılaşmada da bu mövqedə oynamışdım. Gördüyünüz kimi, tədricən bu mövqeyə alışıram (gülür).
- Deməli, İngiltərə "Tottenhem"inə qarşı Avropa Liqasının oyununda Rəşad Sadıqov olmasa, siz onu əvəz edə bilərsiniz?
- Hələ onun oynayıb-oynamayacağı bəlli deyil. Baş məşqçi harada desə, orada da oynayacağam. Amma bizdə Elvin Yunuszadə də var.
- Gələcəkdə tam olaraq mərkəzdə oynamağa hazırsınız?
- Rəşad Sadıqov meydana qayıdandan sonra mən yenə cinah müdafiəçisi kimi oynamağa başlayacağam.
