Kərəm Benke: Azərbaycan hər bir rəqibinə qalib gələ bilər
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının forvardı Kerem Benke AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Matçla bağlı nə deyə bilərsən?
- Oyuna çox yaxşı başladıq. İlk dəqiqələrdən sərt oynadıq və bu da bizim üçün yaxşı oldu. Rəqib qapısı qarşısında epizodlar yaratmağa başladıq. Epizodlardan lazımınca yararlandıq.
- Qollardan sonra sanki daha rahat oynadınız. Elədirmi?
- Bəli, elə oldu. Elə qollarımızı da tapdıq və bundan sonra oyun bizim üçün daha da rahatlaşdı. Bu cür qələbədən sonra, güclü kollektivimiz olduğunu deyə bilərəm. Hər kəs bunu bilsin. Azərbaycan öz gücünü göstərdi.
- Qələbədə iki qol vurmaqla əsas pay sahibi oldun...
- Milli üçün əlimdən gələni etdim. Qol vurmağım mənim üçün də sevindirici idi. Bayaq dediyim kimi, lazımlı epizodlarda dəqiq oynadıq.
- 3:0 hesablı qələbə gözlənilməz olmadı ki? Nəzərə alaq ki, rəqib güclü Rusiya millisi idi...
- Öncə onu deyim ki, bizim güclü kollektivimiz var. Rusiya ilə oyuna da qələbə üçün çıxmışdıq. Qələbə qazanacağımıza çox inanırdıq. Rusiya millisinə 3 qol vurduq, ancaq daha çox ola bilərdi. Dördüncü və ya beşinci qolu da vura bilərdik. İmkanımız da var idi.
- Bu zamana qədər nə çatışmırdı ki, uduzurduq?
- Nə deyə bilərəm? Qismət bu günə imiş. Əvvəlki matçlarda da yaxşı təsir başışlamışdıq. Almaniya və Avstriya matçlarında da pis oynamadıq. Düzdür, Avstriya ilə Bakıda yaxşı oynamışdıq. Səfərdə oyunumuz alınmamışdı. Finlandiyaya qarşı Bakıda çox yaxşı oynamışdıq. Heyf ki, qələbə olmamışdı. Nə demək olar? Şükür Allaha, Rusiyaya qalib gəldik. Allahın köməyilə arxası da gələr.
- Qarşıda millimizi yenə çətin görüşlər gözləyir. Bu görüşlərdə uğurlu nəticə qazana biləcəyik?
- Bircə onu deyə bilərəm ki, rəqiblərimizdən hər kəs bilsin ki, biz məğlub etməyə gəlirik. Güclü kollektivimiz var və hamını məğlub edə bilərik.
