Vaqif Sadıqov: Millilərimizin qələbəsi göstərdi ki, bizdə potensial var
AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycanın əsas yığmasının Moldova ilə yoxlama oyunundakı (2:1), U-21 millimizin isə AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Rusiya üzərindəki (3:0) qələbəsini şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığmaları ili major notlarla başa vurdular. U-19-un Bosniya və Herseqovina, U-21-in Rusiya üzərindəki qələbəsi göstərir ki, futbolumuzun potensialı var. Ötən gün bir daha bunun şahidi olduq. Şadam ki, gənclərimiz ağır məğlubiyyətlərdən sonra toparlanmağı və layiqli oyunla qələbə qazanmağı bacardılar. Bu, bizim gələcəyimizdir. Təbii ki, gələcəyin parlaq olması sevindirməyə bilməz. Əsas yığma komandamıza gəlincə, eksperimental heyətlə çıxış etmələrinə baxmayaraq, yaxşı oyun göstərdilər və uğurlu nəticə qazandılar. Bu uğurların davamını növbəti ildə də gözləyirik. Komandanın qarşısına müəyyən hədəflər qoyulacaq və ümidvaram ki, növbəti seçmə mərhələdə həmin hədəflərə çata biləcəklər".
