Rahid Əmirquliyev: Daha böyük hesabla qalib gələ bilərdik
Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Moldovaya qarşı Bakıda keçirilmiş yoxlama oyunundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Moldovalılar üzərindəki qələbə ilə bağlı nə deyə bilərsiniz?
- İlin son oyununda qələbə qazanmaq istəyirdik. Şadam ki, düşündüklərimizi həyata keçirə bildik. Oyuna gəlincə, çətin oldu. Matçın sonu xüsusilə bizim üçün çətin keçdi. Bunun yorğunluqdan və ya arxayınlıqdan irəli gəldiyini bilmirəm. Amma müdafiəyə çox çəkildik. Daha böyük hesabla da qalib gələ bilərdik. Bunun üçün qol epizodlarımız da çox idi.
- Azərbaycan yığmasını kapitan kimi meydana çıxarmaq necədir?
- Mən bir dəfə yığmanın kapitanı olmuşdum. Amma Serbiya ilə görüşün ikinci hissəsində sarğı mənə verilmişdi.
- Meydanda bu qədər gənc futbolçunun olduğunu nəzərə alsaq, kapitanlıq vəzifənizin öhdəsindən gələ bildiniz?
- "Xəzər Lənkəran"da dörd ildir kapitanam. Burada da daha çox gənc futbolçular meydanda idi. Xüsusi bir fərq görmədim. Hamısı mənim üçün tanış uşaqlardır.
- 2015-ci ili Azərbaycan yığması üçün necə dəyərləndirə bilərsiniz?
- Baş məşqçi dəyişikliyindən sonra yalnız Bolqarıstana məğlubiyyəti (0:2) çıxmaq şərti ilə, bu ili millimiz üçün uğurlu saymaq olar. Amma biz daha da artırmalıyıq.
