Pavel Paşayev: Moldovaya qarşı oyunumdan razı qalmadım
Azərbaycan yığmasının və Ukraynanın "Metallurq" (Zaporojye) klubunun müdafiəçisi Pavel Paşayevin azerisport.az saytına müsahibəsi
- Moldovaya qarşı yoxlama matçı (2:1) ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Yaxşı oynadıq. İli qələbə ilə başa vurmağımız vacib idi. Ümid etmək olar ki, növbəti ildə qələbələrimizin sayı daha çox olacaq.q
- Öz oyununuz barədə nə deyə bilərsiniz?
- Şadam ki, milli komandada debütetdim. Amma öz oyunumdan elə də razı deyiləm.
- Niyə?
- Hesab edirəm ki, bundan da yaxşı oynaya bilərdim. Bu, heç də mənim bacardığımın hamısı deyildi.
- Yəqin ki, klubunuzun son oyunlarında meydana çıxmamağınız təsirini göstərdi. Elədirmi?
- Böyük ehtimalla elədir.
- Belə oyunla baş məşqçinin sizi növbəti oyunlarda əsas heyətdə meydana buraxmamasından qorxmursunuz?
- Bilmirəm. Oyundan sonra bu barədə söhbətimiz olmayıb. Kimin meydana çıxmasına baş məşqçi qərar verir. Ümid edirəm ki, sərgilədiyim oyun onun məni əsas heyətdə meydana buraxmasına səbəb olacaq.
- Oyundan sonra komandada ab-hava necədir?
- Hamı sevinirdi. Ab-hava yaxşıdır. Biz yaxşı futbol sərgiləməyi bacardıq. İlin son oyununda önəmli qələbə qazandıq. Bu, sevindirməyə bilməz.
- Robert Prosineçki oyundan sonra nə dedi?
- Oyuna görə komandaya təşəkkürünü bildirdi, bizi təbrik etdi.
