"Azərbaycana məğlubiyyət məşqçilik karyeramda ən ağır yenilgidir"
Rusiyanın U-21 yığmasının baş məşqçisi Dmitri Xomuxa AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinə 0:3 hesablı məğlubiyyəti şərh edib. Azerisport.az xəbər verir ki, o, Rusiya Futbol İttifaqının rəsmi saytına açıqlamasında bunları söyləyib:
"İndi belə bir məğlubiyyətə uğramağımızın konkret səbəbini açıqlamaq çətindir. Oyunun əvvəlində bizim bir neçə yaxşı qol vəziyyətimiz oldu. Onlardan yararlanmağımız lazım idi. Hesabda önə keçə bilsəydik, hər şey fərqli ola bilərdi. Təəssüf ki, buna nail ola bilmədik. Daha sonra rəqib bizim zəif cəhətlərimizdən yararlanmağa başladı. Yenə də standart vəziyyətlər zamanı yaxşı oynamadıq və qol buraxdıq. Hesabda geri düşdükdən sonra komandada psixoloji vəziyyət düşündüyümüz kimi olmadı. İkinci qolu buraxdıqdan sonra isə hesabda dönüş yaratmaq üçün arqumentimiz qalmadı. Bu, mənim məşqçilik karyeramda ən ağır məğlubiyyətdir. Belə görünür ki, bizim 21 yaşadək futbolçularımızda rəqabət çatışmır. Bu da böyük ölçüdə onların yüksək səviyyədə oyun təcrübəsinin olmamasından qaynaqlanır".
