Robert Prosineçki: İlk yarıdakı oyunu daha çox bəyəndim, nəinki ikinci hissədəki
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Moldovaya qarşı Bakıda keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Bizi çətin oyun gözlədiyini bilirdik. Çünki rəqibimiz müdafiədən futbol oynayır. Birinci hissədə yaxşı oynadıq. Amma bircə səhvə yol verdik ki, o da qolla nəticələndi. İkinci hissədə isə istədiyim oyunu görə bilmədim. Bütövlükdə, nəticədən razıyam. Heyətimizdə ciddi itkilər var idi. Bu üzdən də bu oyunun heyəti ilə bağlı bir qədər fərqli qərarlar qəbul etməli olduq".
Xorvatiyalı mütəxəssis Pavel Paşayev, Ürfan Abbasov, Ağabala Ramazanov, Elşən Rzazadə, Rəşad Eyyubovun millidəki çıxışını da dəyərləndirib: "Yeni futbolçulardan razı qaldım. Ağabalanın qol vurmasına da şadam. Dediyim kimi, birinci hissədəki oyunumuzdan daha çox razı qaldım, nəinki ikinci yarıdakı. Baxmayaraq ki, qələbə qolunu ikinci hissədə vurduq və qol buraxmadıq. Birinci yarıda isə komandamız daha çox qol vəziyyəti yaratdı. Əvəzində rəqibə heç bir şans vermədi". (CBC)
