Elxan Məmmədov: Millinin qapısı Ramil Şeydayevlə Ayaz Quliyevin üzünə həmişə açıqdır
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanın U-21 yığmasının AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Rusiya üzərində 3:0 hesabıyla qalib gəlməsinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Çox təəssüf ki, biz bu oyuna qədər keçirdiyimiz altı oyunda cəmi 3 xal toplamışdıq. Komandamız Rusiyaya qarşı yaxşı oynadı və 3 xal qazandı. Uşaqların 3 top vurub, qapılarından qol buraxmaması da xoşdur. Eyni zamanda futbolçularımız hesabda öndə olarkən müdafiədə oturmurdular, yenə qol vurmaq üçün şans axtarırdılar. Bu, çox vacibdir. Çox ümid edirəm ki, gənclər yığmamız belə oyunu növbəti görüşlərdə də sərgiləyə biləcəklər".
Məmmədov Rusiya yığmasının Azərbaycan əsilli futbolçuları - Ramil Şeydayevlə Ayaz Quliyevin gələcəkdə millimizin şərəfini qorumaq şansından da danışıb: "Biz onlara buna dair təklif göndərmişik, görüşüb söhbət etmişik. Onların tarixi vətəni olan Azərbaycanın yığma komandasında oynamasını istəyirik. Yığmamızın qapısı hər kəsin, eyni zamanda onların da üzünə hər zaman açıqdır. Sadəcə ona ümid etmək qalır ki, uşaqların vətənpərvərliyi öz sözünü deyəcək".
