Kamal Quliyev: O qədər haqsızlıq olmuşdu ki, əsəblərim tab gətirmədi
"Neftçala"nın baş məşqçisi Kamal Quliyev birinci divizionun son turundakı davranışına görə AFFA tərəfindən beş oyunluq cəzalanmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib?
"Hakimləri heç vaxt təhqir etməmişəm. Bunu nə oynayarkən, nə də məşqçi kimi etmişəm. Sadəcə, qırmızı vərəqə almağımıza görə aqressiv idim. Bir il yarım ərzində o qədər haqsızlıqlar olmuşdu ki, artıq əsəblər davam gətirmədi. Meydana qaçıb, hakimdən verdiyi qərara görə izahat istədim. Mən ona artıq heç bir söz deməmişəm. İndi başa düşürəm ki, əsəblərimə hakim olmağım lazım idi. Matçdan sonra hakimə yaxınlaşıb üzr istədim. Amma gördüyünüz kimi, bu, az oldu. AFFA İntizam Komitəsi mənim Azərbaycan futbolundakı xidmətlərimi nəzərə aldığına görə, cəza elə də böyük olmadı. İstənilən halda klub bu qərara görə apellyasiya şikayəti verəcək. Öz səhvimi etiraf edirəm. Bu, mənim üçün bir dərs olacaq. Sadəcə, bir şeyi başa düşə bilmədim ki, niyə eyni cəza rəqib komandanın məşqçilərinə verilmədi. Məni cəzalandırdılarsa, onlara da eyni cəza verilməli idi".
