Qara Qarayev: Moldovaya qarşı daha yaxşı oynamağımız üçün azarkeş dəstəyi lazımdır
Azərbaycan yığmasının və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Moldovaya qarşı yoxlama oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Moldova ilə oyundan nə gözləyirsiniz?
- Artıq bir həftədir bu oyuna hazırlaşırıq. Bir neçə futbolçu istisna olmaqla, qalan hər kəs sıradadır. Oyuna yaxşı köklənmişik. Komandada mehriban atmosfer var. Bizi çətin oyun gözləyir. Amma istərdim ki, rəqibin adı bizi yanıltmasın.
- Rəqiblə bağlı sizə ətraflı məlumat təqdim olunub, ya yoxlama matçı olduğu üçün buna gərək duyulmayıb?
- Niyə ki? Moldova yığmasının iştirak etdiyi oyunlara baxmışıq. Fərdi cəhətdən güclü futbolçuları var. Müdafiədə çox yaxşı oynayırlar. Qalanları barədə danışmayacağam.
- Moldovaya məğlubiyyət sizi Berti Foqtsun dövrünə geri qaytarmış olacaq, ya bu oyunun nəticəsi göstərici sayılmamalıdır? Son iki oyunda məğlub olduğunuzu nəzərə alsaq, limiti doldurmusunuz...
- Biz İtaliyaya heç də pis oyunla uduzmadıq. Növbəti məğlubiyyəti Bolqarıstandan aldıq. Amma bu komanda heç də zəif sayılmamalıdır. Moldovaya mümkün məğlubiyyətə gəlincə, bu, bizi heç bir yerə qaytarmayacaq. Son dövrlərdə müəyyən yüksəlişə nail olmuşuq. Bunu hiss etməmək mümkün deyil.
- Adətən, yığmamızın yoxlama oyunları çox darıxdırıcı alınır. Bu dəfə də elə olacaq?
- Çətin ki. Moldovaya qarşı oyunla biz yeni seçmə mərhələyə hazırlığa başlamış olacağıq. Niyə nəyisə dəyişək? Açıq oyun olacağını da gözləməyin. Sadəcə, öz üzərimizdə çalışmalı, daha yaxşı oynamağa çalışmalıyıq.
- Stadionda azarkeş sayının az olacağı şübhəsizdir. Buna hazırsınız?
- Bəli. İtaliya ilə oyunda tribunalarda boş yerlər var idisə, Moldova ilə görüşdən nə gözləmək olar? Yəqin ki, boş tribunalar qarşısında oynamalı olacağıq. Bu, normaldır. Amma yenə də nə qədər çox azarkeş olsa, bir o qədər yaxşıdır. Çünki biz bu oyunu onlar üçün oynayırıq. Onların dəstəyi lazımdır ki, biz daha da yaxşı çıxış edək.
- Robert Prosineçki hələ start heyətini açıqlamayıb?
- Hələ bizə bir söz deməyib. Amma bircə onu bilirik ki, bütün futbolçular oynamaq şansı qazanacaqlar.
