Rəşad Eyyubov: Moldova ilə oyun əksəriyyətimiz üçün bir şansdır
Azərbaycan yığmasının və "Kəpəz"in yarımmüdafiəçisi Rəşad Eyyubovun azerisport.az saytına müsahibəsi
- Milliyə dəvət olunmağınızı necə qarşıladınız?
- Məncə, hər bir futbolçu ölkəsinin yığma komandasına dəvət almaqla fəxr hiss edir. Çox şadam ki, Robert Prosineçki mənim oyunumu bəyənib və milli komandaya dəvət edib. Özümü yaxşı tərəfdən göstərmək istəyirəm.
- Moldova ilə oyuna hazırlıq necə gedir?
- Ciddi hazırlaşırıq. Baxmayaraq ki, bu, yoxlama oyunudur. Şəxsən mən Azərbaycan yığmasına elə də tez-tez dəvət almıram. Ona görə də burada olmaq mənim üçün çox xoşdur.
- Moldova yığması barədə nə bilirsiniz?
- Orta səviyyəli, yaxşı komandadır. Deyərdim ki, komandamızla eyni səviyyədə olan bir rəqibdir. Ümid edirəm ki, uduzmayacağıq, ilin son oyununda qələbə qazanacağıq.
- Bu oyunu millidə möhkəmlənmək üçün şans saymaq olar?
- Bu, təkcə mənim üçün yox, digər futbolçular üçün də bir şansdır. Ümid edirəm ki, oynamaq şansı da qazanacağam. Bu şansdan istifadə etmək istəyərdim.
- Moldova ilə oyundan sonra "Kəpəz"in heyətində "Qarabağ"a qarşı oynamalı olacaqsınız. Birinci dövrədəki məğlubiyyətin əvəzini çıxa biləcəksiniz?
- Fikrimcə, AZAL-la son oyundakı xal itkisindən müəyyən nəticə çıxarmış olarıq. "Qarabağ"la oyunda müsbət nəticə qazanacağımıza ümidliyəm.
- "Kəpəz"ə çox gec qoşuldunuz. Geridə qalan dövrdə bu komandaya uyğunlaşa bilmisiniz?
- Hələ ki, öz oyunumdan tam razı deyiləm. "Simurq"da fərqli oynayırdım. Orada qollar da vururdum, qol ötürmələri edirdim. "Kəpəz"dəki oyunumda isə müəyyən problemlər var, qol vura bilmirəm. Amma əsas odur ki, bu komandada özümü xoşbəxt hiss edirəm.
