Rahid Əmirquliyev: Moldova ilə oyunun Bakcell Arenada keçirilməsi pis olmazdı
Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin azerisport.az saytına müsahibəsi
- Toplanış necə gedir?
- Komandada atmosfer yaxşıdır. Moldova ilə oyun yoxlama xarakteri daşısa da, ciddi hazırlaşırıq. Ola bilər ki, bu oyun öncəsi atmosfer seçmə mərhələ görüşlərindəki kimi olmasın. Amma bu, bizim oyuna hazırlığımıza təsir göstərmir. İli qələbə ilə başa vurmaq istəyirik.
- Rəqib barədə nə bilirsiniz?
- Məlumatım azdır. Bəzi oyunlarına baxmışam. Sonuncu oyunları AÇ-nin seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı olub. Pis komanda deyil. Asan oyun olacağını düşünmürəm. Onlar da qələbə qazanmaq istəyirlər.
- Yəqin ki, Moldova yığması bir rəqib kimi əlavə motivasiya vermir...
- Bizim bu oyun üçün kifayət qədər motivasiyamız var. Düzdür, rəqib elə də güclü deyil, amma bu, o demək deyil ki, biz qələbə qazanmalı deyilik. Qələbə qələbədir. Oyuna köklənmək baxımından problem olmayacaq.
- Oyun Bakı Olimpiya stadionunda keçiriləcək. Sizcə, azarkeşlər bu oyuna maraq göstərəcəklər?
- Azarkeş sayının çox olmasını istəyərdim. Belə olacağına inanıram. Amma təbii ki, bu stadion belə oyun üçün çox böyükdür. Moldova ilə görüşü "Bakcell Arena"da keçirmək pis olmazdı.
- "Xəzər Lənkəran"ın işləri son zamanlar yaxşı getmir...
- Bəli, son matçlarda daha çox uduzuruq. Şübhəsiz ki, bu, psixoloji cəhətdən komandaya mənfi təsir göstərir. Çünki komandada gənc futbolçuların sayı çoxdur.
- Bu, qarşıdakı "Böyük oyun"da da mənfi təsirini göstərə bilər?
- "Neftçi" ilə oyun elə statusa malikdir ki, "Xəzər Lənkəran" hansı vəziyyətdə olmasından asılı olmayaraq, bu görüşə ən yüksək səviyyədə köklənirik. Bu görüşdə istənilən halda bizdə hər şey yaxşı olacaq. Öz meydanımızda "Neftçi"yə qalib gələcəyik.
- "Neftçi"də də işlər hazırda yaxşı getmir. Amma onlar turnir cədvəlində sizdən öndədirlər...
- Rəqibimizin hansı vəziyyətdə olması bizi maraqlandırmır. Biz ancaq öz oyunumuz, hazırlığımız barədə düşünürük. İndi hər iki komanda eyni səviyyədədir. Yeganə üstünlüyümüz bizim bu oyunu evdə, doğma azarkeşlərimiz qarşısında keçirməyimizdir.
