Asim Xudiyev: Vicdanım təmizdir
Keçmiş FİFA referisi Asim Xudiyev vaxtilə idarə etdikləri qalmaqallı Xorvatiya "Osiyek"i və Latviya "Dinaburq"u arasındakı oyunda onlara rüşvət təklif olunması barədə aşkarlanan faktlara münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən həmin görüşdə baş hakim idim. Qeyd edə bilərəm ki, bu matçda heç bir gözlənilməzlik qeydə alınmadı. "Osiyek" güclü idi və 1:0 hesabıyla qalib gəlib, mərhələ adladı. İkinci hissədə Xaqani Məmmədovla Ramiz Əsədovun sözügedən məsələ ilə bağlı danışdığını eşitdim. Amma etiraf edim ki, oyunun gedişində söhbətin konkret nədən getdiyini başa düşməmişdim. Bütün fikrim oyunda idi. Həmin söhbəti də dəqiqliyi ilə oyundan sonra eşitdim. Yəni bunun oyuna, idarəçiliyimizə heç bir təsiri olmadı. Hakimlərin Latviya klubuna hansısa köməyindən söhbət gedə bilməz. Ona görə də vicdanım təmizdir".
