Qəbələnin forvardı İrlandiya ilə oyunda iştirak etməyəcək
"Qəbələ"nin hücumçusu Ermin Zets Bosniya və Herseqovina yığmasından kənarlaşdırılıb. Azerisport.az xəbər verir ki, AÇ-2016-ya vəsiqə uğrunda İrlandiya ilə pley-off oyunları keçirməli olan bosniyalıların çalışdırıcısı Mehmed Bajdareviç Zetslə yanaşı, Marin Aniçiç ("Astana", Qazaxıstan) və Rade Kruniçanı ("Empoli, İtaliya) dəvət göndərdiyi futbolçuların siyahısından çıxarıb.
Sözügedən mütəxəssis qərarını belə izah edib: "Heç biri zədədən şikayətlənmirdi. Sadəcə, millidəki futbolçuların sayını 25-ə endirmək qərarına gəldik. Əlbəttə, ehtiyac yaranacağı təqdirdə, bu futbolçulardan da hansısa yığmaya qaytarıla bilər. Üstəlik, gələcəkdə onlara da şans verəcəyik".
Qeyd edək ki, Bosniya yığmasının heyətində "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də yer alır.
