Elmar Baxşiyev: Qəbələnin qrupdan çıxmaq şansı azdır, amma vəziyyət dəyişə bilər
"Qəbələ"nin sabiq futbolçusu Elmar Baxşiyev bu komandanın Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" klubuna 0:4 hesablı məğlubiyyətini şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" birinci hissənin ortalarına kimi "Borussiya"ya qol vurmağa imkan vermədi. Amma hiss olunurdu ki, meydan sahibləri təzyiqi artırırlar. Aydın məsələdir ki, dortmundlular qalib gəlib, qrupdan çıxmağı təmin etmək istəyirdilər. Fikrimcə, Almaniya klubu ilə oyun "Qəbələ" üçün bir tramplin olacaq. Belə rəqiblərlə oyunlar komandada özünəinam hissini artırır. Bunadək "Qəbələ" bu cür Avropa səviyyəli komanda ilə üzləşməmişdi. "Qəbələ"nin qrupdan çıxmaq şanslarına gəlincə, son turlarda vəziyyət dəyişə bilər. Allah eləsin ki, hər şey bizim üçün yaxşı nəticələnsin".
