Ruslan Qurbanov: Elə futbolçular var ki, meydanda 100 faiz güc qoymur
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyundan (2:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Belə məğlubiyyətdən sonra nə demək olar? Sonuncu pillədə qərarlaşan komandaya uduzmaq yolverilməzdir. Çempionatımızda zəif komanda yoxdur. Hələ oyundan öncə də demişdim ki, bu görüş "Qarabağ"la oyundan daha çətin olacaq.
- Oyundan sonra azarkeşlərə yaxınlaşdınız və onlarla yüksək tonda nəyisə müzakirə edirdiniz...
- Onlar bizdən nəticə tələb etməkdə haqlıdırlar. Çünki hər oyunda bizi dəstəkləyirlər. Amma mən onlara dəstəyə görə təşəkkürümü bildirdim və dedim ki, bundan sonrakı oyunlarda sizi sevindirməyə çalışacağıq.
- Belə davam etsə, "Neftçi" Premyer Liqanın autsayderinə çevriləcək. Bunun səbəbi nədir?
- "Neftçi" autsayder olmayacaq. Biz səhvlərdən nəticə çıxaracağıq. "Xəzər Lənkəran"la növbəti oyuna ciddi hazırlaşacağıq. Heç kimi ayrıca günahlandırmaq fikrim yoxdur, bütün komanda məğlub olub. Sadəcə, elə futbolçular var ki, meydanda 100 faiz güc qoymur. Kim olduqlarını isə soruşmayın.
- Deyəsən, legionerləri nəzərdə tutursunuz...
- Kim olduğunu deməyəcəyəm. Kənardan hər şey yaxşı görünür. İki dəqiqəyə iki qol, beş dəqiqəyə 3 qol buraxmaq olmaz.
- Sizə elə gəlmir ki, meydanda 100 faiz güc qoymadığını dediyiniz futbolçular Samir Əliyevin istefasına nail olmaq istəyirlər?
- Əgər elə futbolçular varsa, "Neftçi"dən ilk gedənlər onlar olmalıdır. Kiminsə oyun satdığına da inanmıram.
- Hər şeyin yaxşı olacağını deyirsiniz. Bu əminlik haradandır?
- Ürəyimin səsi belə deyir. Biz hər şeyin öhdəsindən gələcəyik. Mövsümün sonunda mükafatçılar sırasında yer alacağıq. Dekabrdan sonra hər şey daha yaxşı olacaq. Buna qədər isə mümkün qədər çox xal toplamağımız lazımdır.
- İndiki zamanda uğursuzluq kimin günahıdır: rəhbərliyin, məşqçilərin, ya futbolçuların?
- Birmənalı olaraq, futbolçuların. Samir Əliyev günahkar deyil. Rəhbərlik də həmçinin. Çünki rəhbərlik nəticədən asılı olmayaraq, bizi hər zaman dəstəkləyir.
