Elşən Rzazadə: Yığmamıza dəvət alacağımı gözləmirdim
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elşən Rzazadə Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"la oyuna qələbə üçün çıxacağıq. Rəqib komandanın futbolçularına asanlıqla ötürmə etməyə imkan verməməliyik".
Rzazadə Azərbaycan yığmasına dəvət almasına da münasibət bildirib: "Etiraf edim ki, milliyə dəvət alacağımı gözləmirdim. Amma buna çox sevindim. Mənim mövqeyimdə yığmada Rahid Əmirquliyev, Qara Qarayev, Eddi İsrafilov çıxış edir. Onlarla birgə məşq etmək, oynamaq mənim üçün böyük təcrübə olacaq. Moldova ilə oyunda yaxşı nəticə qazanmalıyıq. Bu oyunda meydana çıxacağıma ümid edirəm. Baş məşqçi mənə şans versə, əlimdən gələni edəcəyəm. Yığmaya dəvət almaq o demək deyil ki, mən əla futbolçuyam və daim belə şans qazanacağam. Bu, sadəcə, bir şansdır. "Xəzər Lənkəran"dan iki futbolçunun yığmamıza dəvət alması da xoşdur".
