Ruslan Qurbanov: Neftçidə hər şey daha yaxşı olacaq
Azərbaycan yığmasının və "Neftçi"nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Rəvan"a qarşı oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- "Rəvan"la oyundan nə gözləyirsiniz? Ardıcıl ikinci qələbə qazana biləcəksiniz?
- "Rəvan"a qarşı ciddi hazırlaşırıq. Çempionatımızda asan rəqib yoxdur. Hər komanda digərinə çətinlik yarada bilir. Biz "Rəvan"la matçda qələbəyə oynayacağıq. Oyunumuz necə alınacaq, artıq oyunda bilinəcək. Gərək bir az gözləyək və hər şeyin necə alındığını görək.
- Niyə qeyri-sabit çıxış edirsiniz?
- Bizim yeni komandamız var. Əksər futbolçularımız da gənclərdir. Onların da təcrübəsi çox deyil. Bunun üzərində işləyirik. Bir az vaxt keçsin, hər şey daha yaxşı olacaq.
- Ötən turda "Sumqayıt"a qalib gəlsəniz də, çox söz-söhbət yarandı. Oyundan öncə də "Sumqayıt"ın bilərəkdən "Neftçi"yə məğlub olacağı deyilirdi...
- Bunu hələ "Sumqayıt"la ilk oyundan əvvəl də deyirdilər. Yəqin ki, bu söhbəti çıxaran hansısa incik insandır. Bu yalandan başqa informasiya deyil. Oyuna baxıb hər şeyin necə olduğunu görmək olar.
- Yəqin ki, "Qəbələ" və "Qarabağ"ın Avropa Liqasındakı oyunlarını izlədiniz. "Borussiya" və "Monako" ilə matçlar barədə fikriniz necədir?
- "Qarabağ" "Monako" kimi güclü rəqibə qarşı super oynadı. Məncə, "Monako" heç nədən qol vurdu. Yəni "Qarabağ"ın iki xal itirdiyini desəm, daha doğru olar. "Qəbələ"yə gəlincə, rəqib Avropanın nəhənglərindən idi. "Borussiya"ya qarşı oynamaq asan deyil. "Qəbələ" bacardığı qədər "Borussiya"ya qarşı oynadı. Hələ hər iki komanda üçün heç nə bitməyib. Həm "Qəbələ", həm də "Qarabağ"a uğurlar arzu edirəm.
- Sizcə, "Neftçi" "Borussiya" və "Monako"ya qarşı necə oynayardı?
- "Borussiya" və "Monako"ya qarşı necə oynayardıq? Bu suala cavab verə bilməyəcəm. Bircə onu deyə bilərəm ki, "Borussiya" və ya "Monako"ya qarşı oynasaydıq, gücümüzün çatdığının ən yaxşısını etməyə çalışardıq. Xalqımızı sevindirmək istəyərdik.
- Millimiz noyabrın 14-də Moldova ilə görüşəcək. Bu oyundan nə gözləyirsiniz?
- Moldova ilə matç maraqlı olacaq. Biz oyuna ciddi hazırlaşacağıq, fərqi yoxdur rəsmi matçdır, yoxsa yoxlama. Qələbə üçün əlimizdən gələni edəcəyik.
- Milliyə dəvət alan yeganə hücumçu sizsiniz...
- Bu barədə heç nə deyə bilməyəcəm. Buna baş məşqçi qərar verir. Mənim üçün çətin olmamalıdır. İstənilən halda hər zaman rəqabətə hazıram.
